Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” dövlət xidmətlərin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatına layiq görüldü

“ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb (United Nations Public Service Award 2015).

Mükafat uğrunda seçim prosesi 2014-cü ilin oktyabr ayından 2015-ci ilin may ayına qədər davam edib.  Bu prosesə dünyanın bütün ölkələrindən dövlət xidmətlərinin göstərilməsi sahəsində yüzlərlə təşəbbüs və layihələr qatılıb.

“ASAN xidmət” seçim prosesinin bütün mərhələlərindən uğurla keçib və 20-24 aprel 2015-ci il tarixində BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilib. “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülüb.

2003-cü ildə təsis edilmiş BMT-nin Dövlət Xidmətləri Mükafatı dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır. İllik əsasda təqdim edilən mükafat qalib təşkilatlarda mükəmməlliyin, peşəkarlığın, idarəetmənin və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin edilməsinin beynəlxalq tanınmasıdır.

BMT-nin Dövlət Xidmətləri Mükafatının məqsədi dövlət idarəçiliyi sahəsində dünya ölkələrində mövcud olan ən qabaqcıl innovativ təcrübələri təltif etmək və bu kimi ən uğurlu təcrübələrin digər dövlətlər tərəfindən tətbiqini təşviq etməkdir.

Mükafat ənənəvi olaraq BMT-nin Dövlət Xidmətləri Günü kimi qeyd edilən 23 iyun tarixində xüsusi təşkil olunan təltifetmə mərasimində qaliblərə verilir. Builki mərasim 23-26 iyun tarixində Kolumbiyanın Medellin şəhərində keçiriləcək beynəlxalq forum çərçivəsində baş tutacaq.

 

 

A- A A+

Digər press-relizlər