“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir
15 dekabr 2022-ci il tarixində Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda beynəlxalq Forum başlayıb.
“ASAN xidmət”in 10 illiyinə həsr olunmuş Forumun məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinə əsaslanaraq, bu sahədəki yeniliklərə töhfə vermək, eləcə də dövlət xidmətləri sahəsində yeni texnologiyaların tətbiqi ilə əlaqədar müzakirələr aparmaqdır.
Forumda müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan və platformalardan, eləcə də innovasiyalar üzrə nüfuzlu şirkətlərdən ümumilikdə 50-yə yaxın xarici qonaq iştirak edir.
Öncə “ASAN xidmət”in 10 illik fəaliyyətinə dair hesabat videoçarxı nümayiş etdirilib.
Tədbirin açılış sessiyasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu çatdırıb. Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə Müavini Li Junhuanın, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNITAR) İcraçı direktoru Nixil Setin videomüraciətləri yayımlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Forum iştirakçılarını salamlayıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin çoxşaxəli islahatlarından biri də dövlət xidmətlərinin şəffaf, operativ və əlçatan təşkili ilə bağlı müəllifi olduğu “ASAN xidmət” konsepsiyasıdır. “ASAN xidmət” dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizədə və müasir texnologiyaların, innovasiyaların dövlət xidmətlərinə tətbiqi ilə vətəndaşların hüquqlarının təmin edilməsində institusional bir islahat olmaqla, qısa zamanda həm vətəndaşların məmnunluğunu qazanıb, həm də beynəlxalq müstəvidə ciddi maraq yaratmaqla Azərbaycanın brendi, milli innovativ məhsulu adını qazanıb.
Sonra “UCLG - Afrika - ASAN - Yerli Afrika Dövlət Xidməti Mükafatı”nın təqdimatı baş tutub. Qaliblər dövlət xidmətlərində səmərəliliyin və innovasiyaların tətbiqinə görə fərqlənən Ruanda Respublikasının paytaxtı Kiqali şəhəri və Mərakeş Krallığının Berkan şəhəri olub.
Beləliklə, “ASAN xidmət” dövlət xidmətləri ilə bağlı beynəlxalq mükafat verən qurum kimi çıxış edir. “UCLG Afrika – ASAN –Yerli Afrika Dövlət Xidməti Mükafatı” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “UCLG Afrika” Təşkilatının təşəbbüsü, eləcə də Mərakeş Merlər Assosiasiyasının tərəfdaşlığı ilə təsis olunub. Mükafatın məqsədi Afrika qitəsinin Yerli və Regional Hökumətləri tərəfindən yerli idarəetmə və ictimai xidmətlərin göstərilməsi zamanı ortaya çıxan çətinliklərin azaldılmasına və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübələrin və təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılması və mükafatlandırılmasıdır. Mükafatın qalibləri Dövlət Agentliyinin dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar sahəsindəki təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər. Bununla da ölkəmizin “ASAN xidmət” təcrübəsi ilə yanaşı, müvafiq istiqamətlər üzrə qabaqcıl həlləri Afrika qitəsi ölkələrində geniş formada öyrəniləcək və təbliğ olunacaq.