“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət
“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün təşkil olunan xüsusi xidmət davam edir.
Belə ki, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin ( vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.
Məqsəd canı-qanı bahasına bizə Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.
Bu günə qədər bu istiqamətdə 1790 yaralananın və 2166 şəhid ailəsi üzvünün ümumilikdə 3956 müraciəti təmin edilib.
“ASAN xidmət” kollektivi ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir.