"ASAN xidmət" Almaniyada forumda təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti əsasında “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunda” iştirak etmək məqsədilə Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edib.
Forum çərçivəsində "ASAN xidmət", eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə geniş təqdimat edilib və bu təcrübənin xarici ölkələrdə geniş tətbiqi haqqında məlumat verilib.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Forumda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və digər nümayəndələr çıxış ediblər.