“ASAN Müraciət” ən yaxşı 15 təcrübə sırasında yer alıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN müraciət” informasiya sistemi BMT-nin Dövlət Xidmətlərində İnnovasiyalar üzrə Cənub-Cənub Şəbəkəsi (SS4NPSI) tərəfindən dərc olunan ən yaxşı 15 rəqəmsal həll siyahısına daxil edilib.
Sentyabr ayında dərc edilən bu nəşrdə 2021-2022-ci illərdə dünya üzrə ən innovativ rəqəmsal həllər seçilərək uğurlu təcrübələr kimi digər ölkələrdə tətbiqinə dair tövsiyələr verilib. Layihələr arasında Azərbaycan ilə yanaşı, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Cənubi Afrika, Flippin, Özbəkistan kimi ölkələrin də rəqəmsal həlləri yer alıb və Tayland Krallığında keçirilən Qlobal Cənub-Cənub İnkişaf Sərgisində təqdim edilib.
Dövlət Xidmətlərində İnnovasiyalar üçün Cənub-Cənub Şəbəkəsi 2017-ci ildə yaradılıb. Əsas məqsəd dövlət və özəl təşkilatların, ekspertlərin və elm adamlarının dövlət xidmətlərində innovasiyaların tətbiqi üzrə bilik və təcrübə mübadiləsinin aparılması sahəsində əməkdaşlığın yaradılmasıdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılması tapşırığı verilib.
Sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədi ilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.