ASAN könüllülərinin “Könüldən Zəfərə” adlı payız məktəbi başa çatıb.
1-5 oktyabr tarixində ASAN könüllülərinin şanlı Zəfərə həsr olunmuş “Könüldən Zəfərə” adlı payız məktəbi həyata keçirilib. Layihə “ASAN xidmət"in, “ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə reallaşdırılıb.
Bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.
Bildirilib ki, layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi, inklüziv cəmiyyət dəyərlərinə əsaslanma, yeni dostluq əlaqələrinin qurulması, şəbəkələşmənin təmin olunmasıdır. Həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsi, nümunəvi vərdişlərin qazanılması, dünyagörüşlərinin artırılması əsas hədəflərdir.
Layihə müddətində müxtəlif təlimlər, maarifləndirici seminarlar, motivasiyaedici görüşlər, ustad dərsləri, komanda oyunları, idman və əyləncə proqramları təşkil olunub.
Payız məktəbinin ilk günü şəxsi inkişaf, ikinci günü təhsil və karyera, üçüncü günü vətənpərvərlik, dördüncü günü innovasiya və texnologiya, beşinci gün isə incəsənət istiqamətlərində olub.
Könüllülər bu müddətdə, həmçinin Göygöl və Gəncə Şəhidlər xiyabanlarına ziyarət, Azərbaycan Xalq Cümhuriyyəti muzeyinə, Göygöl Milli Parkına, Göygöl Heydər Əliyev muzeyinə ekskursiya ediblər.
Göygöl Olimpiya İdman Kompleksində keçirilən layihədə 100 ASAN könüllüsü iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.