ASAN könüllülərindən növbəti teatr tamaşası
16 may tarixində Rəşid Behbudov adına mahnı teatrında görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin "İclas qurusu" hekayəsi və "Bir gəncin manifesti" romanından "Sonanın cavabı" hekayəsi səhnələşdirilib.
Sumqayıt "ASAN xidmət" mərkəzinin əməkdaşı və mədəniyyət müvəkkili Əhyə Salamovanın rejissorluğu ilə hazırlanan tamaşada mərkəzin əməkdaşları və könüllüləri iştirak ediblər.
Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında tamaşaçılara ətraflı məlumat verilib. Bununla yanaşı, yazıçının xəyali olaraq Məhəmməd Füzuli və Hüseyn Cavid ilə görüşü canlandırılıb, dahi şair Məhəmməd Füzulinin qəzəlləri muğam üzərində ifa edilib.
Eyni zamanda tamaşada pedaqoq olan yazıçının tələbələri ilə söhbəti və tələbələrinin onun haqqında xatirələri canlandırılıb.
Tamaşanın sonunda isə könüllülər tərəfindən “Torpağın səsi” mahnısı ifa edilib.
Qeyd edək ki, ASAN könüllüləri fəaliyyətə başladığı gündən etibarən Azərbaycanın dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsi və gənclərə aşılanması üçün müxtəlif təqdimatlar hazırlayır. Bu təqdimatlar sonda geniş auditoriyaya təqdim olunur.