ASAN Könüllüləri yenidən səhnədə
5 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri görkəmli dramaturq Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesini səhnələşdiriblər.
“Gəncliyin səsi” festivalı çərçivəsində təşkil olunan və “ASAN xidmət” mərkəzinin əməkdaşı Könül Hüseyinlinin quruluş verdiyi tamaşada 14 könüllü rol alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunan 2 fevral Gənclər Gününə həsr olunmuş “Gəncliyin səsi” festivalının məqsədi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunmasıdır.
Festival çərçivəsində ASAN Könüllülərinin təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeronda, o cümlədən regionlarda yerləşən “ASAN Həyat” komplekslərində konsert proqramları, tamaşalar, komediyalar, filmlər nümayiş etdirilib, gənc rejissor və yazarlarla görüşlər təşkil olunub.