ASAN Könüllüləri yenidən səhnədə!
2 fevral 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası dramaturq Əli Əmirlinin “Yeddi məhbusə” pyesi əsasında eyniadlı tamaşanı səhnələşdirib.
Çıxış edən dramaturq Əli Əmirli ASAN könüllülərinin incəsənətə olan marağını yüksək qiymətləndirərək onları “Gənclər günü” münasibəti ilə təbrik edib.
“ASAN xidmət” mərkəzinin əməkdaşı Könül Hüseynlinin quruluş verdiyi tamaşada 10 könüllü rol alıb. Səhnə əsərində rolları Nərminə Əliyeva, Samirə Əliyeva,Tural İbrahimov, Şəfiqə Sadıqova, Aysel Musayeva və başqaları canlandırıblar.
Xronometrajı 1 saat 40 dəqiqə olan tamaşada hadisələr həbsxanada cərəyan edir. Burada nişanı qayıtmış bacısına görə məhkum olunmuş yeddi qızın həbs günlərindən bəhs edilir.
Qeyd edək ki, tamaşa “Gənclər günü” münasibəti ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində təqdim edilib. Festival çərçivəsində Sumqayıt, Masallı, Sabirabad və Qəbələ şəhərlərində müxtəlif tədbirlər keçiriləcəkdir.