ASAN İnnovativ İnkişaf Mərkəzinin açılış tədbiri keçirilib
30 sentyabr 2021-ci il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzinin açılış tədbiri keçirilib.
Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb.
Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbərləri, təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Qonaqlar ASAN təcrübəsi əsasında ölkəmizdə təşkilatların institusional bacarıqlarının və peşəkarlıq səviyyəsinin gücləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni yaradılan Mərkəzin fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Zibeydə Bayramova Mərkəzin rəsmi internet saytı, fəaliyyət istiqamətləri və korporativ xidmətləri barədə təqdimat edib.
Tədbir zamanı Mərkəzin ictimaiyyət və sahibkarlar üçün töhfələrinə dair videoçarx nümayiş etdirilib.
Sonda iştirakçılar arasında oyun təşkil olunub və qaliblərə ödənişsiz təlim paketləri hədiyyə edilib.