Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN”ın nailiyyətləri BMT-də qiymətləndirilir

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibi Antonio Quterresə “ASAN xidmət”in fəaliyyətinə dair məktub ünvanlayıb. Sözügedən sənəd BMT Baş Assambleyasının sənədi kimi yayılıb.

Məktub Dayanıqlı İnkişaf üçün İnformasiya və Kommunikasiya Texnologiyaları: Cənub-Cənub Əməkdaşlığı, sosial inkişaf mövzuları üzrə BMT Baş Assambleyası Gündəliyinin bəndləri əsasında dərc olunub.

Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi və bütün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması əhəmiyyətli rola malikdir. Bu istiqamətdə 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılıb.

Məktubda ölkə ərazisində olan 15 “ASAN xidmət” mərkəzində 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən “one-stop-shop” prinsipi əsasında 320-dən çox müxtəlif xidmətin həyata keçirildiyi qeyd olunur. Mərkəzlərdə qabaqcıl informasiya texnologiyaları tətbiq olunur, Azərbaycan və xarici ölkə vətəndaşlarına, eyni zamanda hüquqi şəxslərə dövlət və özəl xidmətləri səmərəli, şəffaf formada göstərilir.

“ASAN” elektron xidmətlərin göstərilməsini sürətləndirir və hazırda “Elektron hökumət” portalında 450 müxtəlif e-xidmət təmin edilir.

Gündəlik olaraq hər bir mərkəz üzrə 3 mindən çox olmaqla, bu günə qədər 30 milyona yaxın müraciətin qəbul olunduğu mərkəzlərin şəbəkəsinə tezliklə beş yeni mərkəzin açılması ilə xidmət coğrafiyası genişləndiriləcək. Statik mərkəzlərdən əlavə səyyar xidmət avtobusları vasitəsi ilə ölkə ərazisi üzrə 2 milyona yaxın əhaliyə xidmət göstərilib.

“ASAN xidmət” dünyada ən yaxşı dövlət xidmətlərinin göstərilməsi mexanizmini həyata keçirdiyi üçün 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri mükafatına layiq görülüb. Mükafat “ASAN”ın vətəndaşyönümlü, müasir, şəffaf, innovativ və əlçatan dövlət xidmətlərinin göstərilməsi mexanizmi üzrə beynəlxalq nümunəvi modeli kimi tanınması əsasında verilib.

“ASAN” İndoneziya, Monteneqro, Mərakeş, Uqanda və Özbəkistanda fəaliyyət göstərən oxşar beynəlxalq agentlik və qurumlarla fəal əməkdaşlıq edir.

24-26 iyun 2019-cu il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək. “Səmərəli Dövlət Xidmətlərinin Çatdırılması, Hesabatcıl İnstitutlar və İnnovativ Transformasiya vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması” adlı forumda səmərəli xidmətlərin göstərilməsi və 2030 Gündəliyinin kəsişən əsas prinsipi olan, heç kim kənarda qalmadan Dayanıqlı İnkişaf Məqsədlərinə keçid üçün dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirə platforması yaradılacaq.

A- A A+

Digər press-relizlər