Aprel döyüşlərinin 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
2 aprel 2018-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Aprel-2016” Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə aprel döyüşlərinin 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Təqdimat mərasimi şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik süküt və dövlət himninin səslənməsi ilə başlayıb.
“Aprel-2016” Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədrləri Aidə Eyvazlı və Sevinc Alızadə çıxışlarında aprel döyüşlərinin tariximizin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.
Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində ASAN Könüllülərinin daimi fəaliyyətini və təşkil olunan layihələri qeyd edib. Bildirib ki, şanlı aprel döyüşləri Azərbaycan əsgərinin qəhrəmanlığını və tarixi qələbəni təcəssüm etdirir.
Ombudsman Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva çıxış edərək tarixi qələbəmizin Azərbaycan dövlətinin, ordusunun, əsgərinin gücünü nümayiş etdirdiyini bildiriblər.
Tədbirdə, həmçinin musiqi nömrələri, kompozisiyalar, şeir qiraəti, tamaşadan fraqmentlər və film təqdim olunub.