Aprel ayında “ASAN Login” sistemindən 264 000-dən çox vətəndaş qeydiyyatdan keçib
Son günlər dünyada və Azərbaycanda yayılan koronavirus (COVID-19) pandemiyası səbəbi ilə sosial izolyasiya tədbirləri qaçılmaz olub. Cəmiyyət üçün təhlükənin qarşısının alınması məqsədi ilə hər bir vətəndaş xüsusi karantin rejiminin tələblərinə əməl etməlidir. Bütün bunlar isə rəqəmsal xidmətlərdən istifadəni labüd edir. Bu məqamda, rəqəmsal xidmətlərdən istifadəni rahatlaşdıran “ASAN Login” vahid giriş sistemi vətəndaşların köməyinə çatır.
Aprelin 1-dən bu günədək “ASAN Login” sistemindən 264 774 nəfər qeydiyyatdan keçib ki, bunlardan 227 006-sı FİN-i ilə qeydiyyatdan keçənlərdirlər. Bir gün ərzində qeydiyyat göstəricisi rekord həddə çataraq 95 914-ə çatmışdır. Qeydiyyatdan yeni keçən istifadəçilər də daxil olmaqla “ASAN Login” sistemində 856 000-ə yaxın vətəndaş qeydiyyatdan keçib.
“ASAN Login” yeni texnologiyalar (mikroservis arxitekturası) əsasında hazırlanmış müxtəlif sistemlər (veb, mobil) üçün mərkəzi autentifikasiya va avtorizasiya sistemidir. Vətəndaş asanlogin.my.gov.az portalında qeydiyyatdan keçməklə və gücləndirilmiş elektron imza vasitələri ilə sistemə daxil olmaqla inteqrasiya olunmuş bütün portalların xidmətlərindən asanlıqla yararlana bilir. Bu sistem sayəsində vətəndaş müxtəlif hökumət və qeyri-hökumət portallarında öz şəxsi kabinetinə daxil olmaq üçün çoxsaylı istifadəçi adı və şifrələri yaddaşında saxlamaq məcburiyyətində qalmır. Nəticədə müxtəlif sistemlərdə eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısı alınır. Bundan başqa, sistem istifadəçiyə öz səlahiyyətlərini vahid mərkəzdən idarə etməyə imkan verir.
Başqa sözlə, “ASAN Login” sisteminə bir dəfə daxil olan zaman ona inteqrasiya olunmuş digər sistemlərə də avtomatik olaraq giriş etmək olur. Eyni zamanda inteqrasiya olunmuş hər hansı bir sistemdən çıxış zamanı bütün sistemlərdən çıxış baş tutur. Bu isə təkrarçılığın qarşısını aldığı üçün zamana qənaət etməyə yardımçı olur.
“ASAN Login” sisteminə bir neçə üsulla daxil olmaq mümkündür:
1. İstifadəçi FİN-i ilə
İstifadəçi FİN-i ilə daxil olma vətəndaşların heç bir xidmət məntəqəsinə müraciət etmədən, qeydiyyatını onlayn qaydada tamamlaya bilməsi üçün nəzərdə tutulub. Bunun üçün “hesabınıza FİN ilə daxil olun” bölməsini seçdikdən sonra qeydiyyat düyməsi sıxılır. Açılan pəncərədə şəxsiyyət vəsiqəsinin FİN kodu və vətəndaşın adına olan mobil nömrə daxil edildikdən sonra irəli düyməsi sıxılır. Qeyd olunan mobil nömrəyə gələn təsdiqləmə kodu müvafiq xanaya daxil edilir və təsdiqlə düyməsi sıxılır. Açılan pəncərədə yeni şifrə təyin edilir və qeydiyyat tamamlanır. Daha sonra “istifadəçi FİN-i ilə daxil ol” bölməsinə keçid edilir. FİN kod daxil edilərək irəli düyməsi sıxılır, və şifrə yazıldıqdan sonra daxil ol düyməsi sıxılır.
2. “Asan İmza” ilə
“Asan İmza” ilə hesaba daxil olmaq üçün “hesabınıza “Asan İmza” ilə daxil olun” bölməsi seçilir. Açılan pəncərədə “Asan İmza”ya bağlı mobil nömrə və “istifadəçi ID-si” müvafiq xanalara daxil edilir və daxil ol düyməsi sıxılır. Qeyd olunmuş mobil nömrəyə sistem tərəfindən SMS vasitəsilə yoxlama kodu göndərilir. Ekranda görünən şifrə ilə mobil nömrəyə göndərilən şifrənin eyniliyi yoxlanılır və mobil telefonda “OK” düyməsi sıxılır. Daha sonra PİN 1 kodu daxil edilir və yenidən “OK” düyməsi sıxılır.
3. Elektron İmza ilə
Elektron İmza ilə hesaba daxil olmaq üçün ilkin olaraq e-imza.az saytından mərkəz sertifikatları və elektron imzanın daxilində olan tətbiq kompüterə yüklənir. Elektron İmza tökeni kompüterə taxılır. “Hesabınıza Elektron İmza ilə daxil olun” bölməsi seçildikdən sonra daxil ol düyməsi sıxılır. Sertifikat pəncərəsində imza sahibinin məlumatları seçilir və “OK” düyməsi sıxılır. Açılan pəncərədə elektron imzanın şifrəsi daxil edilir və “OK” düyməsi sıxılır. “Portalda daxil ol” düyməsi seçilir və “ASAN Login” sisteminə giriş edilir. “Elektron İmza ilə” sistemə giriş etmək istəyən istifadəçilər sistemdən istifadə etmək üçün elektron imza sertifikatının son versiyasını yükləməlidirlər.
“ASAN Login” - sadə, rahat, güvənli!