Almaniyanın Azərbaycandakı səfiri “ASAN xidmət” mərkəzinin fəaliyyətilə tanış olmuşdur
13 mart 2013-cü il tarixində Almaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla görüşmüş, Agentliyin və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binası və fəaliyyəti ilə tanış olmuşdur.
Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədi, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair qonaqlara ətraflı məlumat vermişdir. İnam Kərimov bildirmişdir ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid məkan” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
Səfir Herbert Kvellen iki dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərlə məşğul olacaq Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildirmişdir. Almaniyalı diplomat, həmçinin “ASAN xidmət” mərkəzində yaradılmış şəraiti və əməkdaşların öz işlərinə peşəkar yanaşmasını yüksək qiymətləndirərək gələcək fəaliyyətdə uğurlar arzulamışdır.