Please ensure Javascript is enabled for purposes of website accessibility

ABŞ-ın Arizona ştatının Qanunvericilərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

13 noyabr  2013-cü il tarixində ABŞ-ın Arizona ştatının Qanunvericilərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov  “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirmişdir ki, klassik “vahid məkan” prinsipi əsasında çalışan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid məkan prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 700000-dən çox vətəndaşa xidmət göstərilmişdir.

Qonaqlar ABŞ və Azərbaycan Respublikası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini  bildirmişlər. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışlar.

 

A- A A+

Digər press-relizlər