“ABAD”çı ailələrin məhsulları onlayn satışa çıxarıldı
1 noyabr 2017-ci il tarixindən etibarən “ABAD” publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının məhsullarının onlayn satışına başlanılıb.
İndi “ABAD” leybli və ailə brendləri altında təqdim olunan məhsulları www.abad.shop.az ünvanına daxil olaraq sifariş edə bilərsiniz.
Onlayn satışların təşkilində məqsəd ailə təsərrüfatlarının hazırladıqları məhsulların daha geniş satışını təşkil etməkdir.
Alıcılar bəyəndikləri məhsul növünü (həm əl işləri, həm də ərzaq məhsulları) seçərək, növbəti mərhələdə öz əlaqə məlumatlarını daxil etdikdən sonra məhsulu sifariş edə bilərlər. Məhsullara görə ödəniş nağdsız qaydada aparılır. Satışlardan əldə olunmuş vəsait birbaşa “ABAD”çı ailələrin bank hesablarına köçürülür.
“ABAD”çı ailə təsərrüfatlarının məhsulları bütün gigiyena və uyğunluq göstəricilərinə tam cavab verir. Tərkibində heç bir konservantların olmadığı bu məhsullar həmçinin özünəməxsus və təbii dadı ilə fərqlənir.
Hazırda “ABAD” tərəfindən Masallı və Balakən rayonlarından ailə təsərrüfatlarının cem və mürəbbə məhsulları təqdim olunur. Gələcəkdə məhsul çeşidlərinin genişləndirilməsi, ət və süd məhsullarının onlayn satışının təşkil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, www.abad.shop.az saytı vasitəsilə sifariş edilmiş məhsulların bütün Respublika üzrə çatdırılması həyata keçirilir.
Azərbaycanda ailə təsərrüfatlarına asan dəstək konsepsiyasını həyata keçirən “ABAD” publik hüquqi şəxsi 23 sentyabr 2016-cı ildə yaradılıb. “ABAD” ərzaq məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı olmaqla, iki prioritet istiqamət üzrə fəaliyyət göstərir.