Please ensure Javascript is enabled for purposes of website accessibility

6 saylı Bakı “ASAN xidmət”in əməkdaşları Vətən müharibəsi qazisi, şəhid və qazi ailələrinin üzvlərindən ibarətdir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət və 3 saylı "ASAN kommunal" mərkəzi fəaliyyətə başlayıb.
 
 
6 saylı Bakı “ASAN xidmət” mərkəzi sayca Bakı şəhərində 6-cı, ümumilikdə ölkə üzrə 21-ci mərkəzdir.
 
 
6 saylı Bakı “ASAN xidmət” mərkəzi üçün ayrılan 0.74 ha ərazidə mərkəzin 4 mərtəbəli inzibati binası inşa edilib. Mərkəzin ətrafı ağaclarla əhatə olunduğundan tikinti zamanı ərazi xüsusi nəzarətdə saxlanılmış, yaşıllığa zərər vurulmamış, bir çox yeni dekorativ ağaclar əkilmiş, qazon salınmışdır. Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan istirahət meydançası, velosiped dayanacağı yaradılmışdır. Beləliklə verilən dizayna əsasən Mərkəz və yaxınlığında yerləşən Heydər Əliyev adına park vəhdət təşkil etmişdir.
 
 
Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmətlər göstərən qurumlar tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcəkdir.
 
 
Mərkəz qeydiyyatda olduğu yerdən asılı olmayaraq bütün vətəndaşlara xidmət edəcəkdir.
 
 
Mərkəzdə xidmət edən dövlət orqanları da daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü fəaliyyət göstərəcəkdir. “ASAN xidmət” mərkəzinin işçiləri Vətən müharibəsi qazisi, şəhid və ya qazi ailələrinin üzvlərindən ibarətdir.
 
 
Mərkəzdə Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətini əks etdirən guşə innovativ şəkildə yeni elektron formatda təşkil edilmişdir və dinamik dəyişən foto-video faylları əks etdirir.
 
 
Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat lövhələri yerləşdirilib. Vətəndaşlar həmin lövhələrdəki QR kodları mobil telefonlar vasitəsilə oxudaraq "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin fəaliyyəti, xidmətlərlə bağlı tələb olunan sənədlər, ödənişlər, iş rejimi, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə edəcəkdir.
 
 
Xidmətlərdən istifadə edən vətəndaşlar üçün Mərkəzdə Terras kafe yaradılmışdır.
 
 
Mərkəz paytaxtın Xətai rayonunun Vunq Tau küçəsində, Heydər Əliyev parkının yaxınlığında olan ərazidə inşa edilmişdir.
 
 
3 saylı “ASAN kommunal” mərkəzi Bakı şəhərində sayca 3-cü mərkəzdir. “ASAN kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib.
 
 
Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Mərkəz zirzəmi ilə birlikdə 2115 m2 ərazini əhatə edir.
 
 
3 saylı “ASAN kommunal” mərkəzində “Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC tərəfindən 52 , ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək.
 
 
Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247,200) rayonlarında qeydiyyatda olan ümumilikdə 738,900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.
 
 
Mərkəzdə əməkdaşların sayı 90, könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.
 
 
Vətəndaşların istirahəti və rahatlığı üçün kafe və uşaq oyun guşəsi nəzərdə tutulub. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.
A- A A+

Digər press-relizlər