2000 uşağa psixoloji yardım göstərilib
“Fövqaladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsində müharibədən zərərçəkmiş ərazilərdə yaşayan uşaqlara ASAN könüllüləri tərəfindən əlavə dəstək fəaliyyətlərinin icrasına başlanılıb. Bu fəaliyyətlər BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin fövqəladə hallarda uşaqlar üçün nəzərdə tutulmuş oyun proqramı və müvafiq oyuncaq dəstləri əsasında peşəkar psixoloqların müşayiəti ilə onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə təşkil edilir.
“ASAN Könüllüləri” Təşkilatı və UNICEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı, tərəfdaşların dəstəyi ilə müharibədən zərərçəkmiş ərazilərdə yaşayan psixi sağlamlıqlarına risk yaranmış uşaqlara psixo-sosial dəstək işinin gücləndirilməsi məqsədi ilə icra edilən “Fövqaladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsində 2000-dən çox uşağa psixoloji yardım göstərilib.
Layihə silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixo-sosial dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə əsasən Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələri əhatə edir. O cümlədən şəhid hərbçilərin və həlak olan mülki şəxslərin ailələrinin övladlarında travmatik və ya stresli hadisə yaşamasından sonra müşahidə olunan simptomların kəskinliyinin qiymətləndirilməsi və psixososial reabilitasiya işinə 2020-ci ilin noyabr ayından başlanılıb.
Təşkilatçılar tərəfindən bu layihəyə cəlb olunmuş peşəkar psixoloq və sosial işçilər üçün beynəlxalq təcrübənin tədris olunması məqsədilə xüsusi proqram, o cümlədən travma sonrası psixoloji vəziyyətin müəyyənləşdirilməsi, kədər, itki, hüzünlə bağlı uşaqlarda güclü reaksiyanın riskləri ilə bağlı təlimatlar üzrə metodiki kurslar təşkil olunmuşdur.
Bu günə kimi layihə çərçivəsində qeyd olunan ərazilərində yaşayan 1200-dən çox ailə ziyarət edilib və 2000-dən çox uşağa ilkin psixoloji yardım işi təşkil olunub. İlkin psixoloji yardım göstərilmiş uşaqların 40 faizinə ehtiyacı üzrə əlavə psixoloji müdaxilə işləri həyata keçirilir və bu fəaliyyətlərin 2021-ci ilin aprel ayınadək davam etdirilməsi nəzərdə tutulub.