Please ensure Javascript is enabled for purposes of website accessibility

Jurnalistlər “ASAN xidmət” mərkəzinin işi ilə tanış olublar

Jurnalistlər bu gün yeni yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzi ofisində agentliyin işi ilə tanış olublar.

Sözügedən agentliyin sədri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyevin bu il iyulun 13-də imzaladığı fərmanla yaradılan və Azərbaycanın müxtəlif ərazilərində fəaliyyət göstərəcək “ASAN xidmət” mərkəzləri 9 dövlət qurumunun - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 xidməti özündə birləşdirəcək. 

Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

Agentlik əsasən üç istiqamətdə - “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası və elektron xidmətlərin təşkili prosesinin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərəcək. 

İ.Kərimov bildirib ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşla dövlət qulluqçusu arasında heç bir ödəniş həyata keçirilməyəcək və bütün ödənişlər elektron qaydada bank vasitəsilə ödəniləcək. Mərkəzlər həftənin bütün günləri (istirahət günləri də daxil olmaqla) fasiləsiz, saat 20:00-dək fəaliyyət göstərəcək.

Qeyd olunub ki, “ASAN xidmət” mərkəzinin əsas prinsipləri - operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Bunun üçün isə ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Mərkəz daim internetə açıq olan kompüterlərlə təchiz edilib və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. 

“ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün də funksional yardımçı xidmətlər yaradılıb. Belə ki, burada uşaq əyləncə guşəsi, tibb xidməti, internet-kafe, bank, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə “pay-point”, bankomat aparatları qoyulub.

Qeyd olunub ki, mərkəzdə 62 videomüşahidə kamerası və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılıb. Binada əlil vətəndaşlar üçün bütün zəruri şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan insanlar üçün döşəmələrə xüsusi örtüklər vurulub və onların oxuya bildiyi müvafiq hərflərlə lövhələr yerləşdirilib. 

108 Çağrı mərkəzi vasitəsilə isə vətəndaşlar mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilərlər. “Çağrı” mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirəcək.

Mərkəzlərin fəaliyyətində şəffaflığının qorunmasının əsas şərtlərdən biri olduğunu deyən İ.Kərimovun sözlərinə görə, vətəndaşlar artıq bir-birindən kilometrlərlə aralı olan dövlət orqanlarına bir bina içərisində baş vura biləcəklər. Vətəndaşlar mərkəzdə olan informasiya köşkünə yaxınlaşacaq və oradan istənilən dövlət orqanına müraciət etməyi, növbəyə yazılması həyata keçiriləcək.


Mənbə:

Gün.Az

 

A- A A+

Digər xəbərlər