İnsanların həyatı ASAN-laşır
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzinə müraciətlərin sayı günbəgün artır. Agentliyin Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov "Strategiya.az"-a bildirib ki, bu günədək quruma 26 mindən artıq müraciət daxil olub. Vətəndaşların üz tutduqları xidmət sahələri arasında şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat, miqrasiya və vergilər üzrə xidmətlər üstünlük təşkil edir.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzi 9 dövlət qurumunun səlahiyyətlərinə aid olan 23 istiqamət üzrə fəaliyyət göstərir. Hələlik Bakının üç rayonunun-Nəsimi, Nərimanov və Binəqədi rayonlarının əhalisinə xidmət edən mərkəz ilin sonunadək paytaxtda və digər iri şəhərlərdə fəaliyyətini genişləndirəcək. Bu barədə danışan A.Hüseynov iyun ayına qədər Bakının Yasamal və Xətai rayonlarında yeni “ASAN xidmət” mərkəzlərinin açılacağını bildirib. Onun sözlərinə görə, ətraf rayonların sakinləri də bu mərkəzlərin fəaliyyətindən yararlana biləcək. Eyni zamanda Sumqayıt və Gəncə şəhərləri də bu ilin sonuna qədər “ASAN xidmət”ə qoşulacaq. A.Hüseynov hazırda yeni mərkəzlərin açılması istiqamətində intensiv iş aparıldığını vurğulayıb.
Qeyd edək ki, hazırda Nəsimi rayonu ərazisində (H.Əliyev 36) yerləşən Dövlət Agentliyində "ASAN xidmət"lə yanaşı “Çağrı” mərkəzi də fəaliyyət göstərir. Vətəndaşlar 108 saylı telefon vasitəsi ilə mərkəzə gəlmədən onlara lazım olan məlumatları əldə edə və növbə tuta bilərlər.
Mənbə: Strategiya.az