İdeya Bankında yeni müsabiqə elan edilir
Ölkə üzrə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan edilir. Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə həyata keçirilir.
Müsabiqənin keçirilmə məqsədi Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək olmaqdır.
Müsabiqə üzrə iqtisadi, sosial, ətraf mühit sahələri üzrə innovativ layihələr qəbul edilir.
Seçilmiş ən yaxşı 3 layihə 5000 AZN, 3000 AZN, 2000 AZN məbləğində mükafat qazanacaqdır.
Müsabiqədə iştirak etmək üçün namizədlər layihələrini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “İdeya Bankı” platforması üzərindən təqdim edə bilərlər. Layihələri təqdim etmək üçün www.ideya.az internet səhifəsinə daxil olmaq, “2018-İnnovasiyalar” müsabiqəsini seçib, təqdim olunan layihə formasını doldurub, yükləmək tələb olunur.