Please ensure Javascript is enabled for purposes of website accessibility

İdarəetmədə müasir islahatların əsas istiqamətləri: şəffaflıq, asan xidmət, vətəndaş məmnunluğu

Dövlət idarəetməsi dövlətin sosial-siyasi funksiyası olub,  ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Genezisinə  görə spesifik fəaliyyət növü olan idarəetmə  tələbatların və fəaliyyət formalarının uzlaşdırılması vasitəsilə inkişaf proseslərinin tənziminə yönələn xüsusi sosial funksiya kimi hər dövrün öz obyektiv zərurətindən irəli gələn modellər və metodlar əsasında həyata keçirilir.

Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Subyektivliyin aradan qaldırılması üçün sərt reqlamentlərə əsaslanan ənənəvi modellərdən fərqli olaraq yeni idarəetmə modelləri bunun üçün şəffaflığın artırılmasını ön plana çəkir.  Sərt qaydaların deyil, optimal  menecment metodlarının  tətbiqi, insan kapitalı, ictimai rəy, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğu arasındakı zəruri əlaqə müasir islahatların əsas qayəsi kimi çıxış edir. Müvafiq olaraq respublikamızda aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına, dövlət qulluğunun xalqa qulluq mənasını ifadə etməsinə, məsuliyyətli, kreativ, dövlətinə və xalqına sadiq kadr potensialının formalaşdırılmasına xidmət edir.

Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini  səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi və yaradılan yeni, səmərəli, müasir xidmət modeli olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə də dünyanın diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin  yaradılması  və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir  idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün  2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" icra edilmiş, Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. Dövlət qulluğuna şəffaf seçim və irəliləyiş qaydası fəaliyyət göstərir, ehtiyat kadrların formalaşdırılmasında, əlavə peşə təhsilinin təşkilində və ümumilikdə dövlət orqanlarının fəaliyyətində, xidmətlərin təqdim olunmasında açıqlığın təmin olunması zəruri əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, sosial strukturların mürəkkəbləşməsi, vətəndaş cəmiyyətinin təşəkkülü dövlət idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, dövlət orqanlarının fəaliyyətində səmərənin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək zərurətini də üzə çıxardı. Vətəndaş məmnunluğunun təmini, hüquq, azadlıq və qanuni maraqların müdafiəsi, korrupsiyaya qarşı mübarizə, ictimai etimadın formalaşdırılması dövrün zərurətinə çevrildi. Bunun üçün ardıcıl islahatlara başlandı. Ölkə Prezidentinin siyasi iradəsilə "vətəndaşa, insan faktoruna yönümlü" müasir idarəetmə modelinin formalaşdırılması, korrupsiyanın aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirildi.

Qurulan yeni modeldə "dövlət qulluğu" anlayışı "cəmiyyətə, xalqa qulluq" mənasını ifadə edir, vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırılır. Əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır. Qiymətləndirmə və nəzarət sistemində də müvafiq dəyişikliklər edilir, ictimai rəy, şəffaflıq, çeviklik, xidmətlərin göstərilməsində keyfiyyət, fasiləsizlik ön plana keçir. Beləliklə, qlobal inkişafın müasir meyilləri və milli-tarixi dövlətçilik ənənələrinə əsaslanan islahatlar nəticəsində dövlət xidmətlərinin təqdim olunmasının forma və üsulları müntəzəm olaraq təkmilləşdirilir, dövlət qulluğu peşəkar kadr korpusundan ibarət mühüm sosial-hüquqi mexanizmə çevrilir.

İslahatlar dövlət idarəetməsinin ənənəvi funksiyalarına proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, insan resurslarının idarə olunması kimi yeni funksiyaların əlavə olunmasına, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadənin təmininə də səbəb olmuşdur. 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin fərmanına əsasən, dövlət orqanlarının elektron xidmətləri yaradılmışdır. Açıq hökumətin təşviqinə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin təkmilləşdirilməsi olmuşdur. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.

Dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri Prezidentin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu. Agentlik dövlət orqanlarında şəffaflığın artırılmasının, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara əməl edilməsinin və vətəndaş məmnunluğunun təmininin zəruriliyindən yaradılmışdır. Agentliyin yaradılması "vətəndaş - dövlət qulluqçusu" münasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin və fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, eyni xidmətləri bir neçə dövlət orqanı göstərdikdə onlar arasında sağlam rəqabət mühiti yaranır ki, bu da korrupsiyanın, süründürməçiliyin qarşısını almağa və vətəndaş məmnunluğunun təmininə səbəb olur. Bu xüsusiyyətin islahatlar prosesində nəzərə alınması bir neçə orqanın xidmətlərini bir qurumda təqdim edən "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə  nəticələnmişdir. Eyni xidməti göstərmək imkanının paralel olaraq bir neçə quruma verilməsi vətəndaşa xidmət qurumunu seçmək imkanı yaradır. Məhz bu seçim səmərəlilik göstəricisini müəyyənləşdirir, şəffaflıq, asanlıq, çeviklik və vətəndaş məmnunluğu prinsiplərini önə keçirir, innovativ fəaliyyətin genişlənməsi  müasir dövrün əsas çağırışlarından birinə çevrilir. Siyasi varisliyə, milli maraqlara və müasirliyə əsaslanan, dövlət qulluğunun xalqa xidmət olduğunun institusional əsaslarını formalaşdıran siyasi iradə milli, modern, şəffaf və səmərəli idarəetmə modelinin qurulmasına yönəlir. Bu məqsədlə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində ardıcıl xarakterli silsilə tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ölkədə yeni inkişaf mərhələsinin başlandığının göstəricisidir. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişafa nail olmaqdır.

Beləliklə, demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sistemində müasir modellərdən bəhrələnməklə yanaşı, milli-tarixi dövlətçilik ənənələrinə, milli idarəçilik təliminə və maraqlara uyğun formalaşdırılan yeni idarəetmə modeli xalqa xidmətin, şəffaf və səmərəli idarəetmənin konseptual əsaslarını yaratmağa istiqamətlənmişdir. İslahatların mühüm konseptual innovasiyası mütərəqqi modellərin müsbət cəhətlərini siyasi varisliklə, milli maraqlarla uyğunlaşdırılmaq və tətbiq etmək vətəndaşa yönümlü modern idarəetmə modelinin formalaşdırılmasında ifadə olunur. Respublikamızda yeni inkişaf mərhələsinin mühüm təminat şərti kimi təsbit olunan səmərəli dövlət idarəetməsinin qurulmasına yönələn dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur, şəffaflığın təminatı, kadr potensialının  zənginləşdirilməsi ictimai həyatın bütün sahələrinin dinamik inkişafı  ilə eyni ahəngdə uğurla davam etdirilir.

 

Nazənin HÜSEYNOVA,

Azərbaycan  Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti

 

A- A A+

Digər xəbərlər