Gəncədə “ASAN xidmət” mərkəzinin açılacağı vaxt elan edildi
Avqustda Gəncədə “ASAN xidmət” mərkəzi açılacaq. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Sumqayıtda yeni açılan “ASAN xidmət” mərkəzində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu xidmət yalnız Gəncə deyil, ətraf rayon sakinlərinə də xidmət edəcək:
“Xidmətin fəaliyyət dairəsi genişləndiriləcək, hazırda xidmət göstərilməyən rayon sakinlərinə isə səyyar ASAN xidmət avtobusları pulsuz xidmət göstərəcək”
O bildirib ki, həmçinin avqustda Yasamal rayonunda da 3 saylı “ASAN xidmət” mərkəzinin açılması ilə bütün Bakı şəhəri ASAN xidmətindən istifadə edəcək.
İ.Kərimov əlavə edib ki, payızda isə Bakıda 4 saylı xidmət mərkəzi açılması gözlənilir.
Dövlət Agentliyinin sədri ASAN xidmət mərkəzinin fəaliyyətə başladığı gündən indiyədək Bakıda 70 mindən çox vətəndaşa xidmət göstərildiyini deyib.
Qeyd edək ki, mayın 3-də Sumqayıtda “ASAN xidmət” mərkəzi istifadəyə verilib. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı 25 xidmət göstərir.
Mənbə: Gün.Az