Gəncədə "ASAN xidmət" açılacaq
2 saylı ASAN xidmət mərkəzinin açılış günüdür. İlk gün olmasına baxmayaraq burada kifayət qədər insan var: növbə tutan kim, anket dolduran kim. Uşaq guşəsində körpələri məşğul edənlərə də rast gəlinir. İstədiyini tapa bilməyənlərə də könüllülər yol göstərir, nə etmək lazım olduğunu başa salırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov vəziyyətlə bağlı öz düşüncələrini bölüşür:
-ASAN xidmət mərkəzi fəaliyyətə başlayan gündən onun işi göz qabağındadır, mətbuat tərəfindən də izlənilir. Özünüzə qarşı digər dövlət qurumları tərəfindən qısqanclıq hiss etmirsiniz?
-Qətiyyən, axı əslində bizim mərkəzdə məhz elə dövlət orqanlarının özləri xidmət göstərir. Biz sadəcə, həmin xidmətin daha asan şəkildə əhaliyə çatmasını təşkil edirik. Mən fürsətdən istifadə edib bu işin təşkilində yardımına görə bizimlə əməkdaşlıq edən dövlət orqanlarına təşəkkür edirəm.
Məqsədimiz müvafiq dövlət xidmətləri ilə bağlı müraciətlərində vətəndaşlara yardım etməkdir. Bizim vəzifəmiz budur.
-Ara-sıra müxtəlfi sosial aksiyalar elan edirsiniz – siqaret əleyhinə kampaniya, ictimai nəqliyyatdan istifadə, kitab toplanması, hətta uşaq sərgisinin keçirilməsi. Bu təşəbbüslər kimdən gəlir?
-Agentlikdə bununla bağlı xüsusi mexanizm hazırlamışıq, maraqlı ideyaları toplayırıq. Burada işləyən hər bir dövlət orqanı nümayəndəsinin, işçimizin vəzifəsidir ki, ASAN xidmət mərkəzi üçün daha maraqlı, cəlbedici təşəbbüslər irəli sürsün. Hətta 45 minlik “bəyənən” kontingenti olan fb səhifəmizdə bu məqsədlə xüsusi e-mail ünvanını da yerləşdirmişik.
Müxtəlif ideya və təşəbbüsləri qəbul edirik, hətta ayda bir neçə dəfə breyn-storminq təşkil edirik, təklifləri dinləyirik. Könüllülərimiz də bu işdə fəal iştirak edirlər. Elə düşünürsən ki, onlar cavandır, xüsusi bir təşəbbüsləri olmaz. Amma bəzən elə olur ki, məhz onlardan maraqlı təşəbbüslər gəlir.
-2 saylı ASAN xidmət mərkəzi də bu günlərdə işə başladı. Bu mərkəzin işi nə qədər əhalini əhatə edəcək?
- Yeni mərkəz 3 rayon- Xətai, Nizami və Suraxanı rayon sakinlərinə xidmət göstərəcək ki, bu da 800 min civarında vətəndaşı əhatə edir.
Bununla da Bakı və Sumqayıtda ümumilikdə 3 xidmət mərkəzi fəaliyyət göstərmiş olur. İlk mərkəz yanvarın 15-dən fəaliyyətdədir. Mayın 3-də isə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Sumqayıtda da ASAN xidmət mərkəzinin açılışı baş tutmuşdur. Bu mərkəz təkcə Sumqayıt deyil, ətrafdakı Şabran, Siyəzən, Xızı və Abşeron rayonlarının əhalisinə də xidmət göstərəcək.
Bakı şəhərində digər mərkəzlərin də açılması nəzərdə tutulub. 3 saylı Bakı ASAN xidmət mərkəzi avqustun əvvəlində Yasamalda açılacaq. Ümumiyyətlə, ilin sonuna kimi Gəncədə də mərkəzin açılacağı gözlənilir. Sumqayıtda olduğu kimi, orada da yalnız Gəncə deyil, ətraf rayonların sakinlərinə xidmət göstəriləcək. Qarşıda digər qalan rayonlar üçün də ASAN xidmət mərkəzlərinin təsis edilməsinə başlanılacaq.
– ASAN-ın olmayacağı regionlarda iş necə qurulacaq?
-O regionlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşlara səyyar xidmət göstəriləcək. Xüsusi texniki avadanlıqlarla təchiz edilmiş irihəcmli avtobuslar müxtəlif rayonlara üz tutacaq. Bir neçə gündür ki, Şirvanda səyyar avtobus xidmətə başlayıb. Bir həftədir ki, Xırdalanda Abşeron rayon əhalisinə səyyar xidmət göstərilir. Həmçinin Qubada da səyyar xidmətlərə başlanılacaq. Artıq həm cənub, həm də şimal istiqamətində səyyar xidmətlər məqsədilə avtobusları xidmətə buraxmışıq. Şimal istiqamətində avtobus Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Şirvan, Sabiradad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digər rayonlara gedəcək. Avtobuslar hər rayonda 2 həftə qalmaqla əvvəlcədən müəyyən edilmiş trayektoriya üzrə ölkəmizin ərazisi boyunca hərəkət edəcəklər. Bu marşrutlar bitəndən sonra mərkəzi, həm də sərhədyanı rayonlara səfərlər nəzərdə tutulub.
Ümumilikdə yanvarın 15-dən etibarən ASAN xidmət mərkəzlərində 120 mindən çox vətəndaşımıza xidmət göstərilib. Bunlardan 102 mini 1 saylı Bakı, 18 mini Sumqayıt, təxminən min nəfəri də səyyar avtobuslar tərəfindən qəbul edilib.
- Sifarişli xidmətlərin göstərilməsi niyə gecikir?
- Bakıda vətəndaşlara ödənişli səyyar xidmətlərin göstərilməsi də nəzərdə tutulub. Bu məqsədlə Bakıda xüsusi təchiz edilmiş minik maşınları vətəndaşın göstərdiyi yerdə sifariş edilən xidməti göstərəcək. Sadəcə, hələlik bu xidmətin tətbiqi ilə əlaqədar qanunvericilikdə bəzi məsələlər tənzimlənməlidir. Məsələn, xidmət haqqı, məsuliyyət, səlahiyyət və s. kimi məsələlərə aydınlıq gətirilməlidir.
Bunlar müvafiq qaydada tənzimləndikdən sonra Bakı qeydiyyatında olan vətəndaşlar səyyar xidməti sifariş edə biləcəklər. Əlbəttə, bu zaman əlavə xidmət haqqı ödənilməli olacaq. Amma xüsusi kateqoriyalı insanlar, məsələn hərəkət qabiliyyəti məhdud olanlar üçün səyyar xidmətlərdən istifadəyə görə əlavə haqq tutulmayacaqdır.
- Agentlik özü vətəndaşlara təqdim edilən xidmətlərin sayının artırılması ilə bağlı təşəbbüs irəli sürə bilərmi?
- Əslində, Dövlət Agentliyi vətəndaşlara birbaşa xidmət göstərən qurum deyil. Bizim əsas işimiz müvafiq dövlət orqanlarının göstərdiyi xidməti təşkil etməkdir. Xidmətlərin dairəsi dövlət başçısının fərmanı ilə müəyyən edilir. Əgər yeni fərmanla xidmətin dairəsi gələcəkdə genişlənərsə, bizim də borcumuz həmin xidmətin daha rahat göstərilməsini təmin etməkdən ibarət olacaq.
Hazırda ASAN xidmət mərkəzlərinini hamısında 9 dövlət orqanı tərəfindən 25 xidmət həyata keçirilir.
–ASAN-da artıq özəl sayıla biləcək xidmətlər də göstərilir – bank, hüquqşünas məsləhəti, notarius, tərcümə və s. Bu zaman həmin xidməti təqdim edən qurumlar hansı meyarlar üzrə seçilir?
–Əsas qayəmiz - vətəndaşa hər yerdə olduğundan daha asan və bu halda daha ucuz xidmət göstərməkdir. Ona görə də buna razılıq verən özəl qurumların təkliflərini qəbul edirik. Məsələn, hər yerdə bank xidmətinə görə haqq azı 50 qəpikdirsə, ASAN-da 20 qəpikdir. Əgər özəl sektor təmsilçisi vətəndaşlara bu cür yüksək səviyyəli, operativ, rahat, şəffaf və ucuz xidmət göstərməyə razılıq verirsə, burda təmsil oluna bilər.