Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycanın uğurlu inkişaf modeli beynəlxalq elmi ədəbiyyatda

Cari ildə Türkiyədə nəşr olunan “Çağdaş siyasal sistemler” (“Müasir siyasi sistemlər”) kitabında Azərbaycan Respublikasının uğurlu inkişaf modelinin və onu şərtləndirən siyasi sistemin, innovativ dövlət idarəçilik prinsiplərinin təhlilinə həsr olunmuş fəsil yer alıb. Fəslin müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) elmi-təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimlidir.

DİA-dan AZƏRTAC-a bildiriblər ki, elmi əsərdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin, İran, Kanada, Hindistan kimi dövlətlərin, ümumilikdə isə 22 ölkənin siyasi sistemi təhlil olunub. İctimai elmlərlə məşğul olan şəxslərin dünyanın müxtəlif ölkələrinin müasir siyasi sistemləri, idarəçilik rejimlərinin səciyyəvi xüsusiyyətləri haqqında məlumat alması məqsədilə hazırlanmış kitabda dövlətlərin qanunverici və icraedici orqanları, onlar arasında qarşılıqlı əlaqə, siyasi partiya sistemi və vətəndaş cəmiyyəti institutları təhlil edilib.

Azərbaycan Respublikasının siyasi sisteminin təhlilinə həsr olunan fəsildə ölkəmizin coğrafi mövqeyi, iqtisadi potensialı, dövlətçilik tarixinin qısa xülasəsi, konstitusional sistemi, qanunverici və icraedici hakimiyyəti, seçki sistemi, siyasi partiyaları, vətəndaş cəmiyyəti institutları və onların ictimai-siyasi həyatdakı rolu, müasir siyasi idarəçilik sisteminin formalaşması, inkişafı və xarakteristikası, dövlət quruluşunun prinsipləri, hakimiyyət orqanlarının başlıca funksiyaları və fəaliyyətinin hüquqi əsasları, Konstitusiyaya əsasən vətəndaşların malik olduqları əsas hüquq və azadlıqlar geniş şəkildə nəzərdən keçirilərək təhlil edilib. Burada müəllif 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra suveren, hüquqi, demokratik, dünyəvi, unitar və liberal iqtisadiyyata malik dövlət qurmaq istiqamətində atılan addımlara toxunaraq yeni dövlət idarəçilik sisteminə uyğunlaşmaq və dövlət idarəçiliyi sisteminin keyfiyyətini və səmərəliliyini artırmaq üçün həyata keçirilən islahatların mühüm rol oynadığını diqqətə çatdırıb, bunların sırasında 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsini xüsusi vurğulayıb.

Hakimiyyət bölgüsü və demokratik prinsiplər, çoxpartiyalı sistem və plüralizm əsasında fəaliyyət göstərən siyasi rejimin ölkənin inkişafında əhəmiyyətini qeyd edən müəllif Azərbaycanın sosial-iqtisadi inkişafından söz açıb, iqtisadiyyatda keçid dövrünün sona çatdığını, yoxsulluq və işsizliyin azaldığını, əhalinin yaşayış səviyyəsinin və rifahının yüksəldiyini, ölkəmizin Cənubi Qafqaz iqtisadiyyatında və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, bu nailiyyətlərin əsasında təbii resurslardan səmərəli istifadə, iqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin uğurla həyata keçirdiyi enerji və nəqliyyat layihələri, korrupsiyaya qarşı mübarizə siyasəti, bu sahədə qəbul olunmuş plan və strategiyaların müvəffəqiyyətlə icrası durur. Bunlarla yanaşı, qurulan yeni siyasi sistemdə vətəndaş məmnunluğunun təmin edilməsinə mütərəqqi yanaşmanın formalaşdırılması və şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində açıq hökumət, idarəetmədə yeni texnologiyaların tətbiqi, elektron hökumət, Azərbaycan brendi olan “ASAN xidmət”in yaradılması və fəaliyyəti, dövlət qulluğunun və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, dövlət qulluqçusu-vətəndaş əlaqələrinin keyfiyyətcə yeni müstəviyə keçirilərək şəffaflaşdırılması, vətəndaş məmnunluğunun təmini, ictimai və siyasi fəaliyyətdə vətəndaşların iştirakının artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, cəmiyyətdə siyasi şüur və mədəniyyətin formalaşdırılması vurğulanıb.

Ölkəmizdə həyata keçirilən uğurlu inkişaf modelinin respublikamızdan kənarda nəşr olunan elmi ədəbiyyatlarda təhlili təqdirəlayiqdir. Kitab humanitar və ictimai elmlərin müxtəlif sahələri üzrə tədqiqat aparan mütəxəssislər, o cümlədən ali məktəblərin magistr və doktorantları üçün dəyərli mənbədir.

 

Mənbə : AzərTAc

 

A- A A+

Digər xəbərlər