Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamənin qəbuluna dair mətbuat məlumatı

3 aprel 2023-cü il tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.

Sözügedən qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qətələrini təmsil edən ölkələr həm-müəllif qismində qoşulub.

Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır. Rəqəmsal texnologiyaların korrupsiyanın qarşısının alınması və onunla mübarizədə oynadığı mühüm rolu ön plana çıxaran qətnamə dövlət xidmətləri sahəsində uğurlu modellər təsis etmiş BMT üzv ölkələrini öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edir.

Qətnamə 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

Qətnamənin yekununda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasında dövlət xidmətlərinin oynadığı rol barədə hesabatın hazırlanması tapşırığı verilir.

Qətnamənin yekdilliklə qəbul edilməsi və ona çoxsayda dövlətlərin həm-müəllif kimi qoşulması, “ASAN Xidmət”in təsis edilməsi və genişləndirilməsi də daxil olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir. 

Ətraflı: https://mfa.gov.az/
A- A A+

Digər xəbərlər