Azərbaycanın “ASAN xidmət” təcrübəsi Avropaya model nümunə kimi təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Romada səfərdədir.
Səfərin əsas məqsədi ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın qazandığı uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Səfər zamanı nümayəndə heyətimiz Şura və İtaliyanın “Vision” təşkilatı tərəfindən keçirilmiş “Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: “ASAN” nümunəsi” mövzusunda beynəlxalq konfransa qatılıb.
“Vision” təşkilatının direktoru Françesko Qrillonun moderatorluğu ilə keçirilmiş tədbirdə ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, İtaliya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Konfransda çıxış edən İtaliya Bələdiyyələrinin Milli Assosiasiyasının baş katibi Veronika Nikotra bu ölkədə vətəndaşlara xidmət sahəsində yerli dövlət strukturlarının fəaliyyətindən, Avropa təcrübəsindən və müvafiq istiqamətdə daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb. Diqqətə çatdırıb ki, belə bir tədbirin keçirilməsi sadalanan məqamlar kontekstində Azərbaycanın qazandığı uğurları müzakirə etmək üçün yaxşı fürsətdir.
Tədbirin əhəmiyyətini vurğulayan A.Quliyev bildirib ki, konfrans Azərbaycandakı elektron hökumət təcrübəsini müzakirə etmək və mövcud qarşılıqlı əməkdaşlığı paylaşmaq baxımından yaxşı imkan yaradır.
Rəhbərlik etdiyi qurumun yaranma tarixindən və fəaliyyətindən danışan A.Quliyev Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini hərtərəfli şəkildə dəstəkləyərək hökumət ilə QHT sektoru arasında əlaqələndirməni təmin etmək olduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncam ilə Şura fəaliyyətə başlayıb. Həmin vaxtdan etibarən qurum vətəndaş cəmiyyəti institutları ilə hökumət arasında etibarlı körpü rolunu oynayır.
Şura sədri vurğulayıb ki, son illərdə Azərbaycanda elektron hökumət sahəsində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılması hökumət qarşısında duran əsas hədəflərdəndir. Bu istiqamətdə 2012-ci ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Qurumun əsas məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir. O deyib: “Agentliyin qısa müddətdə əldə etdiyi nailiyyətlər göz qabağındadır. Önəmli məqamlardan biri də odur ki, 17-25 yaşlı gənc könüllülər qurumun işinə cəlb olunublar. Fəxrlə deyə bilərik ki, dünyanın bir çox ölkələri Azərbaycanda tətbiq olunan bu modeli nümunə kimi istifadə edirlər”.
Konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirin “ASAN xidmət” mərkəzlərinin üstünlüklərini İtaliya ictimaiyyəti ilə paylaşmaq baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qurum vətəndaşlarla dövlət arasındakı əlaqələrin yaxınlaşmasına xidmət edir. İctimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbidir. “ASAN xidmət” mərkəzləri də məhz bu zərurətdən yaranıb. Qurum, həmçinin əhalinin həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən vasitələrdən biridir. Bu cür mərkəzlərin təsis olunması təkcə ictimai xarakter daşımır, eyni zamanda, siyasi sabitliyi də xidmət edir.
İtaliyada müvafiq sahədə həyata keçirilən islahatlardan danışan səfir bu ölkənin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsinə dəstək olduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri münasibətlərimizin daha da inkişaf etməsinə öz töhfəsini verməkdədir. Xüsusilə səfər çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əməkdaşlığımızın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyən V.Sadıqov bir sıra irimiqyaslı layihələrin birgə həyata keçirilməsinin önəmini vurğulayıb.
İtaliyanın Piza şəhərinin meri Marko Filipeski çıxış edərək Azərbaycanda fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərinin iş prinsipinin təqdirəlayiq olduğunu bildirib. Vurğulayıb ki, əhaliyə daha yüksək səviyyəli xidmətin göstərilməsi üçün belə bir strukturun qurulması müsbət nəticələr verəcək.
Sonra “Vision” təşkilatı tərəfindən hazırlanmış “Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” hesabatı təqdim olunub.
Agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli “ASAN xidmət” mərkəzlərinin yaradılması və onların əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.
Mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və personalın seçim qaydalarından, mərkəzlər şəbəkəsinin genişləndirilməsi planlarından danışan şöbə müdiri bildirib ki, qurumun ən önəmli hədəflərindən biri şəffaflığı təmin etmək, vətəndaşlarla dövlət qurumları arasında əlaqələri asanlaşdırmaqdır. Hazırda 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədir. Son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq şəxsə xidmət göstərilib. Bu da “ASAN xidmət” konseptinin nə dərəcədə uğurlu olduğunun, vətəndaşların tələblərinə uyğun qurulduğunun bariz göstəricisidir.
İtaliyanın Lessi bələdiyyəsinin İnnovasiya və Texnologiyalar Şurasının sədri Alessandro Delli öz ölkəsində ASAN xidmət kimi sistemin qurulmasının vacibliyini qeyd edərək Azərbaycanın bu sahədə əldə etdiyi model təcrübənin əhəmiyyətindən danışıb: “Biz İtaliyada uzun müddətdir ki, bu cür innovativ xidmətin qurulmasına çalışsaq da Azərbaycanın qısa müddətdə əldə etdiyi nəticələrə nail ola bilməmişik. Hesab edirəm ki, Azərbaycanın ASAN təcrübəsi bütün Avropa üçün nümunəvi model kimi təqdim ediləməlidir”.
Digər çıxış edənlər “ASAN xidmət” modelinin uğurlu təşəbbüs olduğuna dair fikirlərini bölüşüblər. Avropada da bu cür sisteminin tətbiqinin yaxşı nəticələr verə biləcəyini qeyd ediblər.
Konfransa yekun vuran A.Quliyev çıxışlarda və müzakirələrdə səslənən fikirləri əsas tutaraq Azərbaycanın “ASAN” təcrübəsinin nümunəvi model kimi istifadə edilməsi üçün İtaliya Milli Bələdiyyələr Asossiasiyasının Avropa İttifaqına rəsmi müraciət etməsini təklif edib. Təklif iştirakçılar tərəfindən qəbul edilib.
Sonda müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mənbə : AzərTAc