Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Məmur-vətəndaş münasibətlərində etik davranış təlimi” mövzusunda 2 günlük təlim keçirilmişdir
19-20 avqust 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Məmur-vətəndaş münasibətlərində etik davranış təlimi” mövzusunda 2 günlük təlim keçirilmişdir.
Təlimdə bu yaxınlarda fəaliyyətə başlayacaq 3 saylı Asan xidmət mərkəzində fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları iştirak etmişdir.
Təlimin “Ünsiyyət psixologiyası və biznes etiket” mövzusuna həsr olunmuş birinci günündə təlim iştirakçılarına vətəndaş məmnunluğunun təmin olunmasında ünsiyyət prosesinin düzgün qurulmasının, ünsiyyət tərzlərinin, ünsiyyətin səmərəli yollarının düzgün seçilməsinin önəmi barədə məlumat verilmiş, təlim işçtirakçıları ünsiyyəti yalnız düzgün qurmaq deyil. həm də düzgün anlamaq barədə biliklər əldə etmişlər.
Təlim iştirakçılarına ünsiyyətin verbal və qeyri verbal növləri barədə çatdırılan biliklər vətəndaşa məlumatın çatdırılması zamanı məlumat itgisinə yol verməmək, çətin insanlarla düzgün ünsiyyət qurmaq, ünsiyyətdə mövcud olan baryerləri anlamaq üçün mütəxəssis məsləhətləri verildi. Praktik məşqlərlə müşayiət olunan təlim prosesində iştirakçılar qeyri verbal ünsiyyətlə sözlü ünsiyyətdən daha çox məlumat çatdırılmasının incəlikləri, vətəndaşlarla münasibətdə nümayiş olunan jestlərin, mimikanın və hətta duruşun, arada saxlanılan məsafə ölçüsünün də önəmli olduğu barədə məlumatlandırıldılar.
Təlimin ikinci günü “Effektiv xidmət və konflikt hallarda işləmək” mövzusuna həsr olundu. Səmərəli xidmətin göstərilməsi üçün onunla düzgün əlaqənin qurulması və ilk 30 saniyə ərzində onda yaradılan ilk təəssüratın çox önəmli olduğunun nəzərə çatdırılması ilə başlanılan təlimdə özünütəqdim etmək bacarığı, sual vermək bacarığı, diqqət ayırmaq bacarığı, söhbəti dəstəkləmək, şəraitə münasibəti dəyişmək metodu barədə ətraflı biliklər verildi.
Xidmət üçün müraciət edən vətəndaşın psixoloji portreti, aqressiyanın idarə olunması, konfliktin növləri və konflikt hallarında davranış qaydaları barədə çatdırılan məlumatlar təlim iştirakçılarında stres yaradan faktorlar, neqativ hallarla işləmək bacarığının formalaşdırılmasına yönəlmişdi. Qeyri-verbal və verbal ünsiyyətin incəlikləri ilə tanış olan təlim iştirakçılarına ünsiyyət metodlarından düzgün istifadə etməklə və onları düzgün qiymətləndirməklə konflikli hallarında düzgün davranış qaydaları nümayiş etdirməyin mümkün olduğu barədə də məlumat verildi.