Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Məmur-vətəndaş münasibətlərində etik davranış təlimi” mövzusunda 2 günlük təlim keçirilmişdir
16-17 avqust 2013-cü il il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Məmur-vətəndaş münasibətlərində etik davranış təlimi” mövzusunda 2 günlük təlim keçirilmişdir.
Təlimdə bu yaxınlarda fəaliyyətə başlayacaq 3 saylı Asan xidmət mərkəzində fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları iştirak etmişdir.
Təlimin “Ünsiyyət psixologiyası və etiket” mövzusuna həsr olunmuş birinci günündə təlim iştirakçılarına ünsiyyət qurmaq, dinləmək qabiliyyəti, çətin insanlarla ünsiyyət yolları, verbal və qeyri verbal ünsiyyət barədə biliklər sistemli ardıcıllıqla çatdırıldı.
Təlim iştirakçılarına ünsiyyət prosesi və tərzləri, ünsiyətin növləri və səmərəli ünsiyyət yolları barədə ətraflı biliklər verildi. Vətəndaşla ünsiyyəti düzgün anlamaq, ünsiyyət baryerlərini anlamaq və ünsiyyətin səmərəli tərzləri barədə də məlumatlandırılan təlim iştirakçıları korporativ mədəniyyətin qurulmasında etiket qaydalarının, iş üslublu müraciətin və iş ünsiyyət qaydalarının incəlikləri barədə də təlimatlandırıldılar.
Təlimin ikinci günü “Effektiv xidmət və konflikt hallarda işləmək” mövzusunda keçirildi. Təlimdə xİdmət təminatçısının rolları, ideal xidmət təminatçısı portreti barədə məlumat verildi, vətəndaşda ilk müsbət təəsüratın yaradılması, onunla səmərəli əlaqənin qurulması üçün praktik bacarıqlar aşılandı. Aqressiyanın idarə olunmasına dair verilən mütəxəssis məsləhətləri vətəndaş məmnunluğunu təmin etmək üçün praktik bacarıqların formalaşmasına istiqamətlənmişdi.
Daxil olan etirazların mahiyyətinə və onlarla işləməyin alqoritminə, konflikli halların idarə olunmasına dair verilən biliklər təlim iştirakçıları tərəfindən maraqla qarşılandı. Təlim prosesində verilən biliklər müvafiq praktik çalışmalarla möhkəmləndirildi.