Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in saytı fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərinin saytı (asan.gov.az) fəaliyyətə başlayıb.

Saytda “ASAN xidmətlər”, “Onlayn növbə”, “Çağrı” mərkəzi”, “Onlayn əlaqə”, “Faydalı məlumat”, “Özünə xidmət”, “Səyyar xidmətlər”, “E-ASAN”, “Müraciət göndər”, həmçinin digər bölmələr fəaliyyət göstərir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərinin saytı (asan.gov.az) fəaliyyətə başlayıb. Saytda “ASAN xidmətlər”, “Onlayn növbə”, “Çağrı” mərkəzi”, “Onlayn əlaqə”, “Faydalı məlumat”, “Özünə xidmət”, “Səyyar xidmətlər”, “E-ASAN”, “Müraciət göndər”, həmçinin digər bölmələr fəaliyyət göstərir.

“ASAN xidmət”lər bölməsində vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət”lər tərəfindən göstəriləcək xidmətlərin növləri ilə tanış ola bilərlər.

“Onlayn növbə” bölməsində isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbə tutmaq imkanına malik olacaqlar (Onlayn növbə sistemi 2013-cü il yanvar ayının 15-dən etibarən istifadəyə veriləcək).

“Çağrı” mərkəzi” bölməsində eyniadlı mərkəz barədə məlumat verilib. Qeyd olunub ki, Dövlət Agentliyinin “Çağrı” mərkəzi tezliklə fəaliyyətə başlayacaq. “Çağrı” mərkəzləri vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı şikayət və təkliflərini bildirə bilər. Respublikanın istənilən regionundan stasionar (ev, iş) telefonlardan birbaşa “108” nömrəsinə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

“Onlayn əlaqə” bölməsi də Dövlət Agentliyinin “Çağrı” mərkəzi fəaliyyətə başladıqdan sonra istifadəyə veriləcək.

“Özünə xidmət” bölməsində “ASAN xidmət”-lərdə daim internetə açıq olan kompüterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı nəzərdə tutulur.  Kompüteri olmayan vətəndaşlar mövcud elektron xidmətlərdən yararlanmaq üçün “ASAN xidmət” mərkəzlərinə gəlib daim internetə açıq kompüterlərdən istifadə edə bilərlər. Həmçinin dövlət orqanlarının saytları vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlar  “ASAN xidmət” əməkdaşlarının köməyindən yararlana bilərlər.

“Müraciət göndər” bölməsi vasitəsilə vətəndaşlar müvafiq qurumda çalışan şəxslərlə bağlı şikayət etmək imkanına malikdir.

Bundan başqa, vətəndaşlar digər bölmələrə də daxil olmaqla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, müvafiq qanunvericilik, həmçinin digər qurumlarla bağlı zəruri məlumatlar əldə edə bilərlər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Mənbə:

Femida.az

 

A- A A+

Digər xəbərlər