Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in Fransa Milli Assambleyasında təqdimatı keçirilib

Parisdə “Dövlət xidmətlərinə çıxış və vətəndaşlıq” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti təmsil edib.

Konfransın keçirilməsində məqsəd hazırda Fransada dövlət xidmətləri, bu sahədə nəzərdə tutulan təkmilləşdirmə işləri, uğurlu xarici təcrübə qismində Azərbaycan təcrübəsinin nümayiş etdirilməsi və bu mövzular ətrafında geniş müzakirələrin aparılması olub.

Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə dövlət katibi Jan-Vənsen Plasenin sədrliyi ilə keçirilən konfransa Fransanın yerli və regional orqanlarının yüksək vəzifəli şəxsləri, diplomatik korpusun, akademik dairələrin nümayəndələri də qatılıblar.

Konfransı Fransa Respublikası Milli Assambleyasının deputatı Jan-Fransua Mansel giriş sözü ilə açıb.

Sonra senator Alen Vassel, İnformasiya Mərkəzləri üzrə Milli İttifaqın administratoru Pier Viktoriya, EDF təşkilatının nümayəndəsi Nikala Klodonq və Əhaliyə Xidmət Mərkəzləri üzrə Baş Komissarlığın nümayəndəsi Benuva Lemozit çıxış ediblər. Çıxışlarda tədbirin önəmindən, hazırda dövlət xidmətləri ilə bağlı Fransadakı sistemin iş prinsiplərindən, dünyanın innovasiyalarla irəlilədiyindən, qabaqcıl təcrübələrin bölüşülməsinin vacibliyindən bəhs edilib.

Konfrans çərçivəsində dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl xarici təcrübə qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət”in fəaliyyətini əks etdirən təqdimatla çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti barədə geniş təqdimat edib. Dövlət idarəetməsinin daha da inkişaf etdirilməsi məqsədilə innovasiyaların tətbiqinin, dövlət və özəl sektor əməkdaşlığının vacib əhəmiyyət kəsb etdiyini vurğulanıb. BMT Dövlət Xidmətləri Mükafatının qalibi olan, dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in dövlət və özəl xidmətlərin vahid məkandan vətəndaşlara çatdırılması sahəsində uğurlu təcrübəsi qeyd edilib. Hazırda digər ölkələrdə xidmətlərin göstərilməsi sahəsinin “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi istiqamətində əməkdaşlığin həyata keçirildiyi diqqətə çatdırılıb.

Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində Fransa Respublikasının dövlət katibi Jan-Vənsen Plase, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen ilə ikitərəfli görüşlər keçirilib.

Konfransda və ikitərəfli görüşlərdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.

Mənbə: Azərtac

 

A- A A+

Digər xəbərlər