“ASAN xidmət" gənclik məktəbidir
"ASAN xidmət" mərkəzləri və onların göstərdikləri xidmətlər haqqında bu günə qədər bir çox məqalələr yazılıb. Təkcə yazılanlarla yox, eləcə də birbaşa təmasdan xalqımız bu xidmətin faydasına, vacibliyinə yaxşı bələddir. Biz bu gün xidmətin bəlkə də müştərilərin bir o qədər də diqqət yetirmədiyi üstünlüklərindən söz açmaq istəyirik. Yəni… bütün bu asanlığı vətəndaşlara təqdim edən, xidmətlərin təqdim edilməsini operativləşdirən gənc əməkdaşlarımızdan danışacağıq. O gənclərin ki, qısa müddətdə, nəinki göstərdiyi xidmətlər ilə, eyni zamanda, öz təbəssümləri, mehribanlıqları, nəzakətləri və operativlikləri ilə vətəndaşların könüllərində xüsusi yer qazandılar. Bəli, bu, onun göstəricisidir ki, "ASAN xidmət" mərkəzləri hər mövzuda bir ilkə imza ata bildi. Gənc əməkdaşlarımız vətəndaşlara ən layiqli şəkildə xidmət göstərə bilmək üçün müxtəlif təlimlərdən keçdilər. Bu günə qədər xidmət mərkəzlərimizdə əməkdaşlarımıza keçirilən təlimlərin sayı 200-ə qədər olmuşdur. Bu təlimlər həm xidmət mərkəzlərimizdə, həm də müxtəlif yerlərdə aparılmışdır.
Prezident İlham Əliyevin gənclər siyasətinin ölkəmizdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz bütün sahələrdə olduğu kimi, Azərbaycanın brendi olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkilində də mühüm yer tuturlar. Eyni zamanda, qeyd etmək istərdim ki, "ASAN xidmət" mərkəzləri bir gənclik məktəbidir. O gənclik məktəbi ki, gənclərimiz burada vətəninə, millətinə xidmət edirlər.
Ümummilli liderimiz Heydər Əliyev deyib: "Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik isə böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sədaqət, vətəni sevmək, torpağa bağlılıq - budur vətənpərvərlik".
Bəli, "ASAN xidmət" mərkəzləri gənc nəslin mənəvi tərbiyəsi, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı, bir sözlə, gənclərimizin dahi liderimizin dediyi kimi, milli-mənəvi və vətənpərvər ruhda inkişafını təmin edir.
Aysel ABBASOVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
Həmkarlar İttifaqı Komitəsinin üzvü