Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”də ilk iş günü

5 mərtəbəli geniş, modern dizaynı ilə fərqlənən bir binaya daxil oluruq. Binanın qapıları, içəridə oturanların kabinetləri də şüşədəndir. Təşkilat rəhbərləri bununla da fəaliyyətlərinin hər səviyyədə şəffaf olduğunu büruzə verməyə çalışırlar. Hər mərtəbədə müasir avadanlıqlar gözə çarpır. Bura müraciət edənlər üçün asan dildə izahatların yer aldığı lövhələr yerləşdirilib. Artıq fəaliyyətə başlayan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində sizi də bu mənzərə gözləyir.

Növbəyə – şəxsiyyət vəsiqəsi ilə

Mərkəzə daxil olan kimi nömrə götürməlisən. Digər qurumlardan fərqli olaraq bunu yalnız şəxsiyyət vəsiqəsi ilə həyata keçirmək olar. Şəxsiyyət vəsiqəsini aparata yaxınlaşdırırsan, almaq istədiyin xidmətin növünü seçirsən və sənin növbən ekrana yazılır. Buradan müştəriyə hansı mərtəbədə, hansı kabinədə xidmət göstəriləcəyini bilmək olar. Əgər növbədə adam çoxdursa, aşağı mərtəbədəki gözləmə zalında vaxtı keçirtmək olar. Mərkəzə gəlmədən, evdən də online şəkildə növbə tutmaq olar. Növbənin yaxınlaşması haqqında müştərinin mobil telefonuna SMS göndərilir. Növbəni gözləyərkən “Özünəxidmət” virtual köşəsindəki kompüterlər vasitəsilə ASAN-ın internet saytına (asan.gov.az) daxil olub digər xidmətlər barədə məlumat almaq, elektron növbə tutmaq və ya digər əməliyyatlar yerinə yetirmək olar. Uşaqlı müştərilər isə həmin məkandakı əyləncə mərkəzində övladlarını məşğul edə bilərlər – attraksionlar və əyləncə alətləri pulsuzdur.

1 saylı Bakı “ASAN xidmət” mərkəzi hələlik pilot layihə kimi işə salınıb. Altı ay ərzində yalnız Nəsimi və Nərimanov rayon sakinləri mərkəzin göstərdiyi xidmətlərdən yararlana biləcək. Burada bir neçə dövlət orqanının göstərdiyi bəzi xidmətlər cəmləşdirilib. Məsələn, şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi, ümumvətəndaş pasportunun alınması və dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, VÖEN alınması. Asanlaşdırılan xidmət sferası əhali üçün önəmli olan digər sahələri də əhatə edir: pensiyanın ilkin təyinatı, nikah şəhadətnaməsinin, həmçinin nikahın pozulmasının qeydə alınması, mülkiyyət hüququnun dövlət qeydiyyatı. Əgər hər hansı bir sənədi notarial qaydada təsdiqlətmək lazımdırsa, onu da elə bu mərkəzin daxilində həyata keçirmək olar. Mərkəzdə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar da verilir.

Rüsumu da yerində ödə

Yeniliklərdən biri də odur ki, bu və ya digər əməliyyatlar üçün lazım olan dövlət rüsumunu da elə həmin mərkəzdə ödəmək mümkündür. Hər bir xidmət üçün rüsumun məbləğini elektron lövhədən oxumaq olar. Ödəniləcək məbləğin məmurun əlinə dəyməməsi üçün mərkəzdə quraşdırılan PayPoint aparatlarından istifadə edilə bilər.

Əgər şəxsiyyəti təsdiqləyən hansısa sənəd üçün şəklin çəkilməsi, yaxud qan analizinin götürülməsi lazımdırsa, bu xidmətləri də mərkəzdə asanlıqla əldə etmək mümkündür. Özünü pis hiss edən müştərilərə həkim yardımı da göstəriləcək. 

İnam Kərimov: “Şərait yaradırıq”

Ümumilikdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 23 adda xidmət göstərilir. Özü də xidmətləri məhz həmin dövlət orqanları – Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər orqanların əməkdaşları təqdim edir: “Biz yalnız onlara şərait yaradırıq və vətəndaşların işini asanlaşdırırıq”. Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyir. İ.Kərimov xidmətləri şəxsən nümayiş etdirdi. Media nümayəndələri mərkəzin, Dövlət Agentliyinin, həmçinin 108 saylı “Çağrı” mərkəzinin işi ilə tanış oldular. Agentliyin İnnovasiya mərkəzində jurnalistlərə müxtəlif videoçarxlar nümayiş etdirildi.

“ASAN xidmət” mərkəzlərinə bina tapılmır

İnam Kərimov deyir ki, hazırda Bakı şəhərində digər mərkəzlərin yaradılması istiqamətində iş gedir. Amma hələlik mərkəzin tələblərinə cavab verən bina, ərazi tapmaq çətindir: “Gördüyünüz kimi bizim mərkəzlərin xüsusi konsepsiyası var – müvafiq şərait, dayanacaq yerləri, insanların istirahəti üçün yerlər olmalıdır. Hazırda Bakıda bu tələblərin hamısına cavab verən bina tapmaq çox çətindir, hətta deyərdim ki, mümkün deyil. Ona görə də bu il Dövlət İnvestisiya Proqramı çərçivəsində yeni “ASAN xidmət” mərkəzlərinin tikilməsinə başlanılacaq. Artıq gələn ildən yeni binaların açılışında iştirak edə biləcəyik. Hətta gələcəkdə “Asan Drive” xidməti də göstəriləcək. Vətəndaşlar maşınla mərkəzə yaxınlaşıb, avtomobildən düşmədən istədikləri xidməti ala biləcəklər”. 

Gələcəkdə “ASAN xidmət” mərkəzlərinin işinin daha da təkmilləşdirilməsi, genişləndirilməsi nəzərdə tutulur. İnam Kərimov deyir ki, növbəti mərhələdə rüsumların internetlə ödənməsi, mobil telefonla xidmətlərin alınması, xidmətlərin alınması üçün vahid data mərkəzin qurulması planlaşdırılır. Bu data mərkəz nəhəng resurs və xidmət infrastrukturunu idarə etmək üçün zəruri imkanların hamısına malik olacaq.

İlk iş günü

Bu ilin iyun ayından sonra Bakı şəhərinin bütün rayonları, Gəncə və Sumqayıt şəhərinin sakinləri də bu xidmətdən yararlana biləcəklər. İki il ərzində şəbəkə tam qurulandan sonra qeydiyyat yerindən asılı olmayaraq bütün respublika üzrə vətəndaşlara “ASAN xidmət”lər göstəriləcək. Hələliksə 1 saylı xidmət mərkəzinə yalnız Nərimanov və Nəsimi rayonunda qeydiyyatda olan vətəndaşlar müraciət edə bilər. Söhbət etdiyimiz vətəndaşlar xidmətin yaradılmasını müsbət qiymətləndirdilər. Məhərrəm Bayramov ASAN-ın köməyilə 24 ildir həll edə bilmədiyi problemi çözmək istəyir: “Mənə məxsus olan torpaq sahəsini özəlləşdirmək üçün bura gəlmişəm. Arayış almaq istəyirəm. Bu cür xidmət göstərilməsini müsbət qarşılayıram”. Nizami Qurbanov mərkəzin ilk iş günündə iki xidmət üçün bura üz tutub: şəxsiyyət vəsiqəsini dəyişdirmək, bir də pensiyaya çıxmaq: “Birinci məsələni asanlıqla həll etdim. Amma xəstəliyə görə pensiya məsələm üçün bəzi dövlət qurumlarına gedəndən sonra bura gəlməliyəm”. Məmməd Xəlilov isə ASAN-da sözün əsl mənasında asanlıqla sürücülük vəsiqəsini dəyişdirə bilib.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzi Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir və həftənin bütün günləri səhər saat 10:00-dan axşam 20:00-dək, bazar günü isə axşam saat 17:00-dək vətəndaşları qəbul edir. Bir gün ərzində bir mərkəzdə 5 minə yaxın insana xidmət göstərilə bilər.


Mənbə:

Bakupost

 

A- A A+

Digər xəbərlər