“ASAN xidmət” çox fəaldır
Facebook-da aktiv olan dövlət qurumları arasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin adı xüsusi vurğulanmalıdır. Yarandığı qısa müddət ərzində “ASAN xidmət” mərkəzinin rəsmi fb səhifəsini 39 minə yaxın istifadəçi bəyənib.
Hər 1 dəqiqədə sosial şəbəkələrdə 510.000 şərh, 290 000 status yazılır. Bu müddət ərzində Facebook, Twitter, Instagram və digər platformalarda 136 000 şəkil yüklənilir. İndi bütün dostlarımızla sosial şəbəkələrdə danışır, onların həyatını, işini izləyir, hər kəsin fikirlərini öyrənirik.
Azərbaycan da sosial şəbəkələrdə geniş təmsil olunur. Bəziləri üçün səhər yuxudan duran kimi Facebook profilini yoxlamaq əl-üz yumaq kimi vacib bir prosedur, gündəlik həyat tərzinin bir hissəsinə çevrilib.
Əyləncələri, bilik və informasiya paylaşımı ilə yanaşı, bu şəbəkə həm də çox gözəl PR alətidir. Başqa harada milyonlarla adamı bir andaca istədiyin məlumatı oxumağa məcbur edə bilərsən? Bu, sosial şəbəkənin verdiyi ən böyük üstünlüklərdən biridir. Ona görə də bir çox qurumlar üçün saytla yanaşı, bu şəbəkələrdə səhifə yaratmaq da günün tələbinə çevrilib.
Kim var, kim yox?
Azərbaycanda dövlət təşkilatlarının əksəriyyətinin Facebook və Twitter-də hesabı var. Lakin onların heç də hamısı şəbəkənin üstünlüyündən yararlanmır, səhifəni yeniləmir, statuslar paylaşmır. Araşdırmalar göstərir ki, Nazirlər Kabinetinin strukturuna daxil olan 44 dövlət qurumundan demək olar yarısının Facebook səhifəsi var. Belə qurumlar sırasında XİN, DİN, FHN, Gənclər və İdman, Ədliyyə, Vergilər Nazirlikləri və digərlərinin adlarını çəkmək olar. Onlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti də sosial şəbəkələrdə təmsil olunurlar.
“Like” toplayan nazirliklər
Lakin nazirliklərin bəziləri fb-da səhifə ilə deyil, sıradan bir profillə təmsil olunur. Bəzi səhifələrdə nazirliklərin adları, ünvanları göstərilir, rəsmi xəbərlər paylaşılır. Amma həmin qurumun rəsmi saytında bu səhifəyə keçid qoyulmur. Ona görə də Facebook səhifəsinin dəqiq həmin nazirliyə məxsus olub-olmadığını ayırd etmək mümkün olmur. Məsələn, Facebook-da Müdafiə Nazirliyi adı ilə yaradılan səhifədə bu qurumun əleyhinə təxribat xarakterli materiallar yerləşdirilir. 572 “like” sahibi olan İqtisadi İnkişaf Nazirliyinin səhifəsi hər gün yenilənsə də, burada suallara o qədər də operativ cavab verilmir. Bir çox qurumlarda isə yalnız səhifənin açıldığı ərəfəyə aid informasiyalar qoyulub.
Köhnələn səhifələr
Təəssüf ki, bəzi dövlət təşkilatlarının səhifəsi çox az istifadəçi tərəfindən bəyənilir və izlənilir. Sənaye və Energetika Nazirliyinin Facebook səhifəsini 75 nəfər, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq səhifəsini isə cəmi 6 nəfər bəyənib.Ümumiyyətlə, nazirliklərin, dövlət komitələrinin əksəriyyəti öz hesablarında saytdakı məlumatları paylaşmaqla kifayətlənir. Bəziləri səhifə izləyici sayının artması üçün heç bir metoddan yararlanmır.Lakin şəbəkənin imkanlarından tam istifadə edən dövlət qurumları da var. Məsələn, Vergilər Nazirliyinin fb səhifəsi 13 min istifadəçi tərəfindən bəyənilib. Bu səhifədə daim fərqli xəbərlər yerləşdirilir, vergi ödəyiciləri arasında viktorinalar təşkil olunur, istifadəçilərin sualları cavablandırılır.
Online müraciətlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Facebook səhifəsinin 10 min bəyənəni var. Məlum olduğu kimi, bu nazirlik ilk dəfə yenilik edib və nazir Füzuli Ələkbərovun facebook üzərindən vətəndaşların suallarını online qaydada cavablandırılmasını təmin edib. Bu elanın dərcindən keçən bir neçə gün ərzində səhifəni bəyənənlərin sayı da yüzlərlə artıb.
“ASAN xidmət” çox fəaldır
Facebook-da aktiv olan dövlət qurumları arasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin adı xüsusi vurğulanmalıdır. Yarandığı qısa müddət ərzində “ASAN xidmət” mərkəzinin rəsmi fb səhifəsini 39 minə yaxın istifadəçi bəyənib. Burada vətəndaşların ən müxtəlif sualları operativ şəkildə cavablandırılır. Hətta bu yaxınlarda keçirilən sorğunun nəticələrinə görə, “ASAN xidmət” mərkəzi “Nazirlər Kabinetinin strukturları arasında ən fəal Facebook səhifəsinə malik dövlət qurumu” adını qazanıb.
Mənbə: Bakupost