Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə yaradılmışdır

“ASAN xidmət” Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Xidmətin təşkilində ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılmışdır.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dekabrın 30-da keçirdiyi mətbuat konfransında demişdir.

İnam Kərimov bildirmişdir ki, “ASAN xidmət”in əsas üstünlüyü odur ki, burada müxtəlif dövlət orqanları vətəndaşlara vahid məkanda xidmət göstərəcəklər. Belə ki, “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət həyata keçiriləcəkdir.

Qeyd edilmişdir ki, 2013-cü ilin yanvarında əhaliyə xidmət göstərməyə başlayacaq mərkəzin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. “ASAN xidmət” mərkəzlərində yaşayış yerindən asılı olmayaraq bütün vətəndaşlara xidmət göstəriləcəkdir. Burada vətəndaşlarla dövlət qulluqçuları arasında münasibətlərin etik davranış qaydaları əsasında qurulmasının təmin edilməsi məqsədilə “ASAN xidmət” əməkdaşları xüsusi etik davranış kurslarına cəlb olunmuşlar. Mərkəzdə ödənişlərin birbaşa olmaması isə şəffaflığın təmin edilməsində mühüm rol oynayacaqdır.

Agentliyin sədri vurğulamışdır ki, dekabrın 29-da açılışı olmuş 1 saylı Bakı “ASAN xidmət” mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə bu mərkəz paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcəkdir. Gələn ilin iyulunadək Bakı şəhəri üzrə, eləcə də Gəncə və Sumqayıt şəhərlərində “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti təmin olunacaqdır. Mərkəzdə əhaliyə xidmət saat 10:00-dan 20:00-dək göstəriləcəkdir.

İ.Kərimov “ASAN xidmət”in “Çağrı” mərkəzi ilə əlaqədar bildirmişdir ki, vətəndaş “108” nömrəsinə zəng etməklə mərkəzə gəlmədən bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. “Çağrı” mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirəcəkdir.

Sonra İ.Kərimov jurnalistlərin suallarını cavablandırmışdır.

Sonda KİV nümayəndələri “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prosesi ilə yaxından tanış olmuşlar.


Mənbə:

AzərTAc

 

A- A A+

Digər xəbərlər