Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN-ın sözçüsü xidmətdən istifadə edənlərlə bağlı statistika açıqladı

“56 gün ərzində 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə 30 mindən çox vətəndaş müraciət edib”. Martın 14-də “Media forum” saytına danışan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Hüseynov belə deyib.

A.Hüseynov ən çox müraciətin Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyinə olunduğunu deyib: “Son zamanlar Miqrasiya Xidmətinə müvəqqəti yaşama və daimi miqrant statusu almaqla bağlı müraciət edənlər çoxalıb. Müraciətlər xidmətlər üzrə hər gün dəyişir”.

Daxili İşlər Nazirliyinə üz tutanların çoxluğu şəxsiyyət vəsiqəsi ilə bağlıdır: “Şəxsiyyət vəsiqəsi 25, 35, 50 yaşlarında dəyişdirildiyinə görə bu məsələ üzrə müraciətlərin sayı da çox olur. Yaxud da ümumvətəndaş pasportunun dəyişdirilməsini götürək. Xaricə tez-tez səfər edən şəxsin pasportu möhürlə dolur, sənəddə boş yer qalmadığına görə onu vaxtaşırı dəyişmək zərurəti yaranır.

Müqayisədə götürsək, ən az müraciət Milli Arxiv İdarəsinə ünvanlanır. Son vaxtlar Əmlak Məsələləri Dövlət Komitəsinə üz tutanlar da çoxalıb. Bizdə “vahid məkan” prinsipi tətbiq olunur. Məsələn, “Forma 1” alan vətəndaş eyni məkanda onu notarial qaydada təsdiqlədir, sonra yenidən komitəyə qayıdıb sənədi öz adına keçirir”.

Xidmətə tərcümə mərkəzlərinin əlavə edilməsinə gəlincə, A.Hüseynov deyib ki, hazırda ASAN-da tərcümə mərkəzi olsa da, bunun agentliyə aidiyyəti yoxdur: “Ancaq irəlidə bu nəzərə alına bilər. Biz bütün təkliflərə həssas yanaşırıq”. 

Hazırda 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Nərimanov, Nəsimi və Binəqədi rayonunda qeydiyyatda olan vətəndaşlara xidmət göstərir. İyundan sonra xidmətin bölmələri paytaxtın digər rayonlarını da əhatə edəcək: “Yay aylarında Xətai rayonunda və Sumqayıtda, ilin sonuna kimi isə Gəncədə ASAN-ın bölmələri yaradılacaq”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzinin açılışı keçən il dekabrın 29-da olub. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçirilir.

 


Mənbə:  MediaForum

 

 

A- A A+

Digər xəbərlər