Azərbaycanda “Könüllülük Həftəsi” təşkil olunacaq
1-9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” təşkil ediləcək. Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edəcək “Könüllülük Həftəsi” çərçivəsində bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.
5 dekabr tarixində Beynəlxalq Könüllülər Günü münasibəti ilə reallaşdırılacaq və bütün könüllü təşkilatlarının təmsil olunacağı Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda minlərlə gənc iştirak edəcək.
Həftə ərzində “Şəhidimiz”, “Könüllülük sərhəd tanımır!” devizləri altında keçiriləcək kampaniyalar çərçivəsində şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxslər ziyarət olunacaqlar. Həmçinin ağac əkilməsi, ətraf mühitin sağlamlaşdırılması, dəniz və çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi məqsədilə “Vətənimiz” və “Təbiətimiz” sosial aksiyaları təşkil ediləcək. Bu aksiyalarda iştirakçı gənclər vətənə, milli-mənəvi dəyərlərimizə, tariximizə və təbiətimizə bağlılıqlarını nümayiş etdirəcəklər. 6-9 dekabr tarixində Qusar rayonunda 300 könüllü üçün təşkil ediləcək xüsusi qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanları üçün şərait təmin ediləcək.Bütün könüllülər “Könüllülük Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə fəal iştirak etməyə dəvətlidirlər.
“#könlümAzərbaycan”, “#ŞəhidimİZ”, “#VətənimİZ”, “#TəbiətimİZ” həştəqlərini izləyin, qoşulun, paylaşın, həmrəy olun!
Gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikamızda könüllülük hərəkatının genişləndirilməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, son illərdə Respublikamızda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin yaxından iştirak etməsi, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.