İordaniya şahzadəsi “ASAN xidmət”də
18 iyul 2018-ci il tarixində İordaniya şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, İordaniyada Əlil Hərbçilər üzrə Haşimi Komissiyasının sədri, İordaniya Paralimpiya Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn “ASAN xidmət” mərkəzinin və “ASAN Radio”nun fəaliyyəti ilə tanış olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.
Bu günədək 22 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq “ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.