vətəndaşın şəxsiyyət vəsiqəsi;
dövlət rüsumunun ödənilməsi barədə sənəd;
18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri;
18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli
Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:
təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.
Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:
valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir. Pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən aşağıdakı sənədlər əsasında həyata keçirilir:
vətəndaşın şəxsiyyət vəsiqəsi;
dövlət rüsumunun ödənilməsi barədə sənəd;
18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı;
18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli
15 yaşı tamam olmamış vətəndaşın pasportu dəyişdirildikdə:
valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd;
valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı.
Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:
təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı
on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün - 15 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.
beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 55 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 75 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 120 manat.
bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün - 55 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 115 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 155 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 210 manat.
Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
on iş günü müddətində verildikdə
- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.
beş iş günü müddətində verildikdə
- bir yaşınadək uşaqlar üçün - 40 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 70 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 100 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 135 manat.
bir iş günü müddətində verildikdə
- bir yaşınadək uşaqlar üçün - 65 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 125 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 165 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 220 manat.
15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir. Bu zaman şəxs qanuni nümayəndəlik hüququnu təsdiq edən sənədləri də təqdim etməlidir.
Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.
Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.
Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi zamanı fotoşəkil mərkəz daxilində xüsusi avadanlıq vasitəsilə çəkilir.
Bu xidmət bütün “ASAN xidmət” mərkəzlərində göstərilir.