UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi “ASAN xidmət” mərkəzində qeyd olunmuşdur
18 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) tabeliyində olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində UNICEF–in Azərbaycandakı fəaliyyətinin 20 illiyi ilə əlaqədar sərgi keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, UNICEF–in Azərbaycandakı nümayəndəliyi, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Tədbirdə nümayiş etdirilmiş xüsusi foto-sərgi UNICEF–in Azərbaycandakı fəaliyyətinin 20 illik ildonümü münasibəti ilə hazırlanmış və özündə təşkilatın ölkədəki əsas prioritetlərini əks etdirmişdir.
UNICEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ildə başlamış və səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı və iştirakı kimi sahələrə əhəmiyətli töhfəsini vermişdir.
Cari il ərzində “Uşaqlar naminə Birləşək” şüarı altında qeyd edilən 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Hökuməti, Milli Məclis və Vətəndaş Cəmiyyətində olan tərəfdaşlar tərəfindən təşkil edilən silsilə tədbirlər artıq UNICEF-in cari fəaliyyətinin bir hissəsinə çevrilmişdir.
Tədbirin açılış mərasimində VXSİDA – nın sədri İnam Kərimov, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard, İDEA təşkilatının layihələr üzrə rəhbəri Anara İsmayılova, AHK sədri, millət vəkili Əli Hüseynli çıxış etmişlər.
Tədbir iştirakçıları bütün “ ASAN xidmət” mərkəzlərinin fəaliyyətində uşaqların diqqət mərkəzində saxlanılmasını, valideynlərlə gələn uşaqların vaxtını daha maraqlı keçirmələri məqsədi ilə burada uşaq əyləncə mərkəzləri, ana və uşaq otaqlarının yaradılasını xüsusi məmnunluqla vurğulamışlar.
Foto:UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi “ASAN xidmət” mərkəzində qeyd olunmuşdur