Please ensure Javascript is enabled for purposes of website accessibility

“Safe Karabakh” komandası “Teknofest Karadeniz” festivalında

Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest Karadeniz" festivalında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzini (EHİM) təmsil edən “Safe Karabakh" komandası da iştirak edir.

Startapların təqdimat mərasimində “Safe Karabakh” komandası haqqında ətraflı məlumat verilib. Eyni zamanda stendə yaxınlaşan ziyarətçilərə Vətən müharibəsi, post-müharibə dövründə mövcud vəziyyət və sözügedən layihənin əhəmiyyəti barədə məlumat verilib.

Türkiyəli startapçılar ilə təcrübə mübadiləsi aparan təmsilçilərimiz, həmçinin müxtəlif təlimlərdə iştirak ediblər.

Komanda cari ilin 26 – 28 may tarixində Bakıda ilk dəfə olaraq baş tutan “TEKNOFEST-Azərbaycan” çərçivəsində keçirilən “Smart Qarabağ” Hakatonunun qalibi seçilib.

Komanda tərəfindən yaradılan "Safe Karabakh" mobil tətbiqi vətəndaşlara bir neçə imkan yarada bilər. İlk növbədə vətəndaşların təhlükəli ərazilərə yaxınlaşdıqda bu barədə onlara və aidiyyəti qurumlara bildirişlər göndərilməsi, əlavə olaraq vətəndaşlara ailə üzvlərinin təhlükəsiz zonada olduqlarına əmin olmaq üçün onları izləmə imkanının yaradılması nəzərdə tutulur.

Digər bir funskionallıq ondan ibarətdir ki, vətəndaşların mobil tətbiqdən istifadə edərək getmək istədikləri yerə təhlükəsiz marşrutları əldə etməsi planlaşdırılır. Nəzərə alsaq ki, bəzən minadan təmizlənmiş ərazilərdə də partlamamış döyüş sursatları və mərmilər müşahidə oluna bilər, belə hal ilə rastlaşan vətəndaş bu barədə tətbiq vasitəsilə “SOS” siqnalı verə bilər. Bununla da həmin yer avtomatik olaraq təhlükəli zona kimi qeyd edilir. Əlavə olaraq vətəndaş rastlaşdığı naməlum obyektin şəklini də çəkərək araşdırılması üçün müraciət formasında göndərə bilər.

A- A A+

Digər press-relizlər