Please ensure Javascript is enabled for purposes of website accessibility

İranın Dövlət Vergi Administrasiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur

14 may 2013-cü il tarixində Azərbaycanda səfərdə olan İran İslan Respublikasının Dövlət vergi administrasiyasının sədri, iqtisadiyyat və maliyyə nazirinin müavini Əli Əskərinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Dövlət Agentliyinin sədri İnam Kərimov qonaqlara 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirilmişdir ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

İran İslan Respublikasının Dövlət vergi administrasiyasının sədri, iqtisadiyyat və maliyyə nazirinin müavini Əli Əskəriqeyd etmişdir ki, Azərbaycan modelinin əsas üstünlüyü vaxta və zamana qənaət etmək imkanını verməsindədir. Bundan əlavə, Dövlət Agentliyi tərəfindən müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı qəbul edilmiş qanunvericilik aktları da xüsusi maraq doğurur. Bu, yüksək keyfiyyətli birgə işin qurulması üçün lazımi hüquqi bazanı təmin edir.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, Mərkəzin onlarda xoş təəssüratlar yaratdığnı qeyd etmiş və gələcək fəaliyyətdə uğurlar arzulamışlar.

 

A- A A+

Digər press-relizlər