Please ensure Javascript is enabled for purposes of website accessibility

Belarus “ASAN xidmət” təcrübəsini öyrənir

1 fevral 2024-cü il tarixində ölkəmizdə səfərdə olan Belarus Respublikasının ədliyyə nazirinin birinci müavini Natalya Filippovanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Belarus tərəfinin təşəbbüsü ilə baş tutan görüşün məqsədi “ASAN xidmət” konsepsiyasının ölkələrində tətbiqi istiqamətində müzakirələrin aparılması, eləcə də müvafiq istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanışlıq olub.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə nümayəndə həyəti arasında görüş keçirilib.  Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 

Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

Müzakirələrə əsasən “ASAN xidmət” təcrübəsinin Belarus tərəfi ilə paylaşılması istiqamətində anlaşma memorandumunun imzalanması ilə əlaqədar razılığa gəlinib.

Nümayəndə heyətinə Dövlət Agentliyi tərəfindən xidmətlərin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə geniş təqdimat edilib. 

Qonaqlar Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “ABAD” və “Bilim Bakı” mərkəzi ilə də tanış olublar.

A- A A+

Digər press-relizlər