"ASAN xidmət" modeli Türkmənistanda təqdim olunub
28 noyabr 2023-cü il tarixində Türkmənistanın Aşqabad şəhərində Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
Komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətində Prezident yanında Vətəndaşlara Xidmət Dövlət Agentliyi də təmsil olunub.
İclas zamanı gündəlikdə olan məsələlər müzakirə edilib. Eyni zamanda Agentliyin sədr müavini Ceyhun Salmanov qurumun fəaliyyəti, Azərbaycanın intellektual brendi olan “ASAN xidmət” barədə məlumat verib.
Sonda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb.
Xatırladaq ki, Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən sözügedən Komissiyanın tərkibinə daxil edilib.