“Bilim Bakı” mərkəzi 1 yaşında!
9 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "Bilim Bakı” mərkəzinin 1 illiyinə həsr olunan tədbir keçirilib.
Öncə “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat tərəfindən 1 illik fəaliyyətə dair təqdimat edilib və videoçarx nümayiş olunub.
Diqqətə çatdırılıb ki, laboratoriya təlimlərində fərdi olaraq 5400 -ə yaxın uşaq, 30-a yaxın məktəbdən isə 8500-ə yaxın şagird iştirak edib.
Eyni zamanda mərkəzdə bir çox layihə və tədbirlər həyata keçirilir. "Bilim Talk", Valideyn uşaq günü, şənliklər və bu kimi digər layihələrdə 2800-ə yaxın şagird və valideyn iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı təbrik nitqi ilə çıxış ediblər.
Eyni zamanda “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında, həmçinin “Bilim Bakı” mərkəzi və Türkiyə Maarif Fondunun Azərbaycan üzrə nümayəndəliyi arasında əməkdaşlıq Memorandumları imzalanıb. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, həmçinin mədəni və sosial fəaliyyətlərin təmin olunmasıdır.
Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış memoranduma əsasən yaradılan "Bilim Bakı" mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.
Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.