Please ensure Javascript is enabled for purposes of website accessibility

Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət edib

3-4 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub.

Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandum 4 dekabrda Dövlət Agentliyinin sədri İnam Kərimov və Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç tərəfindən imzalanıb.

Memorandumda “ASAN xidmət” modeli əsasında Monteneqroda dövlət və özəl xidmətlər göstərən mərkəzlərin yaradılması, bu məqsədlə qurumlararası təcrübə proqramlarının və təlimlərin təşkil olunması, tanışlıq səfərlərinin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra mətbuat konfransı keçirilib, Suzana Pribiloviç və İnam Kərimov jurnalistlərin suallarını cavablandırıblar.

Daha sonra Dövlət Agentliyinin sədri İnam Kərimov Monteneqronun Baş nazirinin müavini Zoran Pajinlə görüşüb.

Görüşdə son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu təcrübəsi, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi müzakirə edilib. Həmçinin dövlət xidmətlərinin göstərilməsi və bu sahənin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb. 

Zoran Pajin Monteneqro ilə Azərbaycan arasında bütün sahələrdə inkişaf edən əlaqələrdən məmnunluğunu bildirib. O, iki dost ölkə arasında yeni sahədə əməkdaşlığın qurulmasından razılığını ifadə edib və bu sahədə əməkdaşlığın genişlənməsinə Monteneqro hökuməti tərəfindən hərtərəfli dəstəyin veriləcəyini qeyd edib.

Nümayəndə həyəti səfərin sonunda Podqoritsa şəhərindəki Kral Parkında görkəmli Azərbaycan ədibi Hüseyn Cavidin büstünü ziyarət edib, önünə tər çiçək qoyublar.

Səfər çərçivəsində təşkil olunmuş görüşlərdə Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin müşaviri Anar Əcəmov iştirak edib.

A- A A+

Digər press-relizlər