Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

27 fevral 2019-cu ilin tarixində ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib. Tədbir dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi və effektiv əlaqələndirmənin təmin edilməsi məqsədilə təşkil olunub.

Dövlət Agentliyinin sədrinin müşaviri, Elektron hökümət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov açılış nitqi ilə çıxış edərək informasiya kommunikasiya texnologiyaları sahəsində inkişaf trendləri, e-Hökumət idarəçiliyi üzrə əməkdaşlıq və əlaqələndirilmiş işin əhəmiyyəti, o cümlədən İcra Qrupunun iş mexanizmi, qarşıya qoyulmuş hədəflər barədə məlumat verib.

Elektron Hökumət üzrə İcra Qrupunun üzvləri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəis vəzifəsini icra edən Ağakərim Səmədzadə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək İcra Qrupunun yaradılmasının əhəmiyyətini, müəyyən olunmuş hədəflərin birgə əməkdaşlığı şərtləndirdiyini diqqətə çatdırıblar. Həmçinin İKT sahəsində əlaqələndirilmiş işin təşkilinin e-Hökumətin sürətli inkişafı üçün zəruri olduğu vurğulanıb və İcra Qrupuna bu sahədəki gələcək fəaliyyətində uğurlar arzulanıb.

“Elektron hökumət, yeniliklər, planlar” mövzusunda təqdimatla çıxış edən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov Elektron Hökumət sahəsindəki yeniliklər, həyata keçirilən, dəstək verilən innovativ layihələr, Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyəti, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid prosesi barədə qonaqlara məlumat verib.

Görüş dövlət xidmətlərində istifadə olunan informasiyanın ilkin mənbəyinin müəyyən olunması sahəsində həyata keçirilmiş tədbirlər, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi və ölkənin mövqeyinin bu İndeks üzrə gücləndirilməsi istiqamətində atılmış addımlar, Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası sahəsində görülmüş işlər, habelə İcra qrupunun iş planı barədə müzakirələrlə davam etdirilib.

A- A A+

Digər press-relizlər