Please ensure Javascript is enabled for purposes of website accessibility

Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ASANlaşdı

Mayın 17-də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasının “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.

Artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində də həyata keçiriləcək.

Memoranduma əsasən Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq müvəqqəti olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin “ASAN xidmət” mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüblər.

Bununla olduğu yer üzrə qeydiyyat prosesində şəffaflıq, rahatlıq təmin ediləcək, mümkün növbələrin qarşısı alınacaq, xidmətdən istifadə məmnunluğu artacaq və şəxslərin müraciət imkanları genişlənəcəkdir. Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığı çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarına uyğun aparılacaqdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Olduğu yer üzrə qeydiyyatla bağlı tələb olunan sənədlər aşağıdakılardır:

ərizə-anket;

əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla);

Qeyd edək ki, ölkə ərazisində olduğu yer üzrə qeydiyyata birbaşa müraciətlə yanaşı, həmçinin DMX-nin rəsmi saytı (migration.gov.az), elektron hökumət portalı (www.e-gov.az) və elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə elektron qaydada da düşmək olar.

Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 10 gündən artıq qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmasını təmin etməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri də olduğu yer üzrə qeydiyyata alınma üçün müraciət edə bilərlər.

A- A A+

Digər press-relizlər