Please ensure Javascript is enabled for purposes of website accessibility

Beynəlxalq Ahıllar Gününə həsr olunan tədbir keçirilib

Oktyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar bütün sahələrdə olduğu kimi, sosial müdafiəyə ehtiyacı olan insanların da rifah halının yaxşılaşdırılmasına yönəlib. Bu islahatların mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında müxtəlif səbəblərdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına hədəflənib.

Nazir əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssiələrində, Qocalar evində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara xoş hislər bəxş edən tədbirlər təşkil olunur.

S.Babayev məlumat verib ki, hazırda ölkədə əmək pensiyaçılarının 333 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 204 mini qadın, 129 min nəfəri kişidir. Ahıl pensiyaçıların 208 min nəfəri 70-80, 115 min nəfəri 80-90 yaşlarında, 10 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır.

Nazirliyin sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün işlər aparılır. Bu məqsədlə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “Yaşlı könüllülər” layihəsi həyata keçirilməkdədir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, “Yaşlı könüllülər” layihəsi yalnız sosial xidmət müəssisələrində yaşayan şəxslərlə məhdudlaşmayacaq. Pensiya yaşına çatmış digər şəxslər də könüllülük fəaliyyətinə cəlb edilməklə onların əmək qabiliyyəti qiymətləndiriləcək, uyğun aktiv məşğulluq tədbiri üzrə əmək bazarına qaytarılması istiqamətində işlər görüləcək.

Vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində qazanılan uğurlardan danışan Agentliyin sədri ölkə əhalisinin rahat şəkildə dövlət xidmətlərindən faydalanması üçün bütün imkanların yaradıldığını qeyd edib. Ü.Mehdiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Yaşlı könüllülər” layihəsinin əhəmiyyətini vurğulayaraq pensiya yaşına çatmış insanların işləmək həvəslərinin bu layihənin ərsəyə gəlməsinə təkan verdiyini bildirib. Sədr məlumat verib ki, layihə iştirakçıları bir ay ərzində “Könüllülüyün yaşı yoxdur” şüarı altında “ASAN xidmət” mərkəzlərində uşaqlar üçün ayrılmış oyun guşəsində balacaların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olublar.

Tədbirdə “Yaşlı könüllülər” layihəsinin iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub. Sonra ahıllara Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri olan uşaqlar tərəfindən hazırlanmış əl işləri, təsviri sənət nümunələri və digər hədiyyələr verilib.

Tədbir Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin uşaqlarının hazırladıqları xüsusi musiqili proqramla davam edib.

A- A A+

Digər press-relizlər