Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzi haqqında nümunəvi Əsasnamə

4 oktyabr 2013

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun “29” dekabr 2014-cü il tarixli 9.1.9/E-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzi haqqında

 

NÜMUNƏVİ ƏSASNAMƏ

 

1.   Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində olan “ASAN xidmət” mərkəzi (bundan sonra – mərkəz) “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”na və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılmışdır.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”ni, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Mərkəz fəaliyyətini Agentliyin struktur bölmələri və tabeliyində olan digər qurumlarla əlaqəli həyata keçirir.

1.4. Mərkəzin tərkibində Vətəndaşların qəbulu işinin təşkili sektoru, Vətəndaşların hüquqlarının təminatı sektoru, Səyyar xidmətlərin təşkili sektoru və Uçot sektoru fəaliyyət göstərir.

 

2.     Mərkəzin fəaliyyət istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. mərkəzdə fəaliyyət göstərən dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təşkil edir;

2.1.2. mərkəzdə funksional yardımçı xidmətlərin həyata keçirilməsini təmin edir;

2.1.3. göstərilən xidmətlərin təqvimin bütün günlərində və qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçirilməsini təmin edir;

2.1.4. göstərilən xidmətlərin səyyar formada həyata keçirilməsini təmin edir.

 

3. Mərkəzin əsas vəzifələri

 

3.1. Mərkəzin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1. mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, şəxslərin qəbulunu həyata keçirmək;

3.1.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;

3.1.3. mərkəzdə göstərilən xidmətləri səyyar formada həyata keçirmək;

3.1.4. mərkəzin, xidmətlərin təqvimin bütün günlərində fasiləsiz göstərilməsini təşkil etmək;

3.1.5. mərkəzdə xidmətlərin göstərilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halları araşdırmaq və Agentliyə məlumat vermək;

3.1.6. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı şəxslərin təkliflərini toplamaq və ümumiləşdirmək;

3.1.7. mərkəzdə xidmətlərin, mərkəzin fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə yönəlmiş təkliflər vermək və Agentliyin bu istiqamətdə verdiyi tapşırıqları yerinə yetirmək;

3.1.8. mərkəzdə xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tətbiq edilən innovasiyaların, islahatların səmərəliliyinin artırılmasını təmin etmək;

3.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə müraciət etməli olduqları şöbə, təqdim etməli olduqları sənədlər, sənədin hazır olacağı tarix haqqında məlumat vermək;

3.1.10. mərkəzdə şəxslərin məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron lövhələr və işarələr yerləşdirmək;

3.1.11. Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.12. Agentliyin sədri tərəfindən mərkəzə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4.      Mərkəzin hüquqları

 

4.1. Mərkəzin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.1.1. mərkəzdə şəxslər arasında rəy sorğusunu keçirmək;

4.1.2. mərkəzdə göstərilən bütün xidmətlərin qarşılıqlı əlaqədə və müasir informasiya texnologiyalarından geniş istifadə edilməklə göstərilməsi üçün tədbirlər görmək;

4.1.3. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.1.4. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Vətəndaşların qəbulu işinin təşkili sektorunun funksiyaları

 

5.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1. mərkəzdə vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama və dinləmə işini həyata keçirmək;

5.1.2. mərkəzdə göstərilən xidmətlər ilə bağlı informasiya xidmətini həyata keçirmək;

5.1.3. göstərilən xidmətlərin asanlaşdırılması məqsədi ilə tədbirlər həyata keçirmək;

5.1.4. mərkəzdə göstərilən xidmətlərin fasiləsiz həyata keçirilməsini təmin etmək;

5.1.5. elektron növbə sistemini tətbiq etmək və onun fəaliyyətini təmin etmək;

5.1.6. mərkəzin direktorunun tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.7. mərkəzin direktoru tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

6. Vətəndaşların hüquqlarının təminatı sektorunun funksiyaları

 

6.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1. mərkəzdə həyata keçirilən xidmətlərin qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsinə nəzarət etmək;

6.1.2. mərkəzdə fəaliyyət göstərən dövlət orqanlarının və mərkəzin əməkdaşlarının etik davranış qaydalarına və növbəlilik qrafikinə əməl etməsinə nəzarət etmək;

6.1.3. mərkəzdə göstərilən xidmətlər üçün qanunla müəyyən edilmiş ödənişlərin bank şöbələri, ödəmə nöqtələri və ya internet vasitəsilə ödənilməsinə nəzarət etmək;

6.1.4. mərkəzlərdə xidmətlərin göstərilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə təxirə salınmadan tam, hərtərəfli və obyektiv ilkin araşdırma aparmaq, aşkar edilmiş hər bir faktın sənədləşdirilməsi işlərini təmin etmək, pozuntu hallarının, səbəblərinin aradan qaldırılması və digər tədbirlərin görülməsi üçün təkliflər vermək;

6.1.5. mərkəzin direktorunun tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.6. mərkəzin direktoru tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

7. Səyyar xidmətlərin təşkili sektorunun funksiyaları

 

7.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

7.1.1. səyyar avtobusların dayanacaq məntəqələrində xidmət göstəriləcək şəxslərin yerli icra hakimiyyəti orqanları vasitəsilə xidmət yeri, tarixləri və göstəriləcək xidmətlər haqqında məlumatlandırılmasını təşkil etmək;

7.1.2. səyyar avtobuslarda xidmət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətini əlaqələndirmək;

7.1.3. səyyar avtobuslarda xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə nəzarət etmək;

7.1.4. səyyar avtobuslarda fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının etik davranış qaydalarına əməl etməsinə nəzarət etmək;

7.1.5. səyyar avtobuslarda elektron növbə sistemini tətbiq etmək və onun fəaliyyətini təmin etmək;

7.1.6. səyyar avtobuslarda xidmətlərin göstərilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə təxirə salınmadan tam, hərtərəfli və obyektiv ilkin araşdırma aparmaq, aşkar edilmiş hər bir faktın sənədləşdirilməsi işlərini təmin etmək, pozuntu hallarının, səbəblərinin aradan qaldırılması və digər tədbirlərin görülməsi üçün təkliflər vermək;

7.1.7. mərkəzin direktorunun tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

7.1.8. mərkəzin direktoru tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

8. Uçot sektorunun funksiyaları

 

8.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

8.1.1. mərkəzi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı elektron lövhələr və işarələrlə, dövlət orqanlarının və mərkəzin əməkdaşlarını texniki avadanlıqlar və qurğularla təmin etmək;

8.1.2. vəsaitlərin xərclər smetasına uyğun olaraq sərf edilməsini təmin etmək;

8.1.3. bank əməliyyatlarında hesablara müxabirləşmə verilməsi, bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi üçün zəruri tədbirləri görmək;

8.1.4. mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyinin qorunmasını təmin etmək;

8.1.5. mərkəzə inventar və avadanlıqların alınması üçün təkliflər vermək;

8.1.6. mühasibat uçotunu təşkil etmək və aparmaq, maliyyə hesabatlarını tərtib etmək və Agentliyə təqdim etmək;

8.1.7.    ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar, mərkəzlərdə göstərilən xidmətlərə görə daxil olan vəsait və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, xərclərin icrasına dair məlumatları yoxlayaraq ümumiləşdirmək və dövri hesabatları hazırlamaq;

8.1.8.    büdcədənkənar vəsaitlərin formalaşdırılması, istifadəsi və uçotuna nəzarəti təmin etmək;

8.1.9.    işçilərin əmək haqqının, mükafat, ezamiyyə və digər ödənişlərin və xərclərin hesablanmasını təmin etmək;

8.1.10.   əsas vəsaitlərin, azqiymətli tez köhnələn əşyaların, qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunu aparmaq;

8.1.11.    mərkəzin işçilərinin müraciətləri əsasında onlara arayışlar vermək;

8.1.12.    mərkəz üzrə inventar və avadanlıqların alınması üçün ehtiyacları müəyyən etmək;

8.1.13.    mərkəzdə müəyyən edilmiş qaydada inventarizasiya aparılmasını, balansında olan əmlakın (qiymətlilərin) qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini təşkil etmək;

8.1.14.    mərkəzdə inventarların saz saxlanmasına və təmizlik işlərinin aparılmasına nəzarət etmək;

8.1.15.    elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı təklifləri toplamaq və ümumiləşdirmək;

8.1.16.    mərkəzdə şəffaflığın təmin edilməsi, xidmətlərin qiymətləndirməsi məqsədi ilə xidmət prosedurunun fasiləsiz olaraq videoyazısını aparmaq və bu videoyazıları saxlamaq;

8.1.17.    mərkəzdə kompüter və şəbəkə avadanlıqlarının idarə edilməsini təmin etmək;

8.1.18.    mərkəzin vahid kompüter şəbəkəsinin və elektron informasiya sistemlərinin fəaliyyətini tənzimləmək, onların təhlükəsizliyini, mühafizəsini və fasiləsiz işini təmin etmək;

8.1.19.   mərkəzə daxil olan sənədləri qəbul etmək və mərkəzdə elektron sənəd dövriyyəsinin, kargüzarlığın aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və cari nəzarəti həyata keçirmək;

8.1.20.   mərkəzə daxil olan bütün sənədlərin surətlərini saxlamaq, daxil olan müraciətlər barədə hazırlanmış aylıq statistik məlumatları Agentliyin Elektron sənəd dövriyyəsi şöbəsinə təqdim etmək;

8.1.21.   mərkəzin direktorunun tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

8.1.22.   mərkəzin direktoru tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

9. Mərkəzin fəaliyyətinin təşkili

 

9.1. Mərkəzin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

9.2. Mərkəzin direktoru mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

9.3. Mərkəzin direktoru:

9.3.1. mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

9.3.2. səlahiyyətləri daxilində rəhbərlik etdiyi mərkəz üzrə icrası məcburi olan əmrlər verir;

9.3.3. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra intizamına riayət etmələrinə nəzarət edir;

9.3.4. mərkəz üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;

9.3.5. mərkəzin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

9.3.6. mərkəzin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin struktur bölmələrindən və digər mərkəzlərdən zəruri məlumat və sənədləri alır;

9.3.7. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

9.3.8. mərkəzdə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

9.3.9. Agentliyin sədrinin tapşırığı ilə digər dövlət orqanlarında və təşkilatlarda keçirilən tədbirlərdə mərkəzi təmsil edir;

9.3.10. mərkəzin maddi texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı ilə bağlı Agentliyə təqdimat verir.

9.4. Mərkəzin direktorunun Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda Vətəndaşların qəbulu işinin təşkili sektoruna rəhbərlik edən müavini vardır.

9.5. Mərkəzin direktorunun müavini - sektor müdiri mərkəzin direktoru tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

9.6. Mərkəzin direktoru olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada mərkəzin direktorunun müavini - sektor müdiri həyata keçirir.

9.7. Mərkəzin Vətəndaşların hüquqlarının təminatı, Səyyar xidmətlərin təşkili və Uçot sektorlarına Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

9.8. Mərkəzin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

9.9. Mərkəzin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

9.10. Mərkəzin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.